Azərbaycan Respublikasının Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində UN-Habitat-ın Azərbaycandakı Ölkə Ofisinin rəhbəri və Regional Proqramlar Şöbəsinin Şəhər Laboratoriyası Proqramının nümayəndələri ilə görüş keçirilib.
Komitə sədrinin müavini Fuad Hüseynov qonaqlara işğaldan azad edilmiş ərazilərdə aparılan bərpa-quruculuq işləri, keçmiş məcburi köçkünlərin doğma torpaqlarına qayıdışı və məskunlaşma prosesinin təşkili ilə bağlı görülən tədbirlər barədə məlumat verib.
Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə qaçqın və məcburi köçkünlərlə iş sahəsində məqsədyönlü, ardıcıl iş aparıldığını bildirən sədr müavini, qeyd edib ki, həmin kateqoriyadan şəxslərin sosial müdafiəsi, mənzil-məişət şəraitinin yaxşılaşdırılması və həyat səviyyəsinin yüksəldilməsi daim diqqətdə saxlanılır. Birinci vitse-prezident Mehriban xanım Əliyevanın da qaçqın və məcburi köçkünlərin problemlərinə xüsusi həssaslıqla yanaşdığı, onlara hərtərəfli humanitar dəstək göstərdiyi vurğulanıb.
Böyük Qayıdışa dair I Dövlət Proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə bərpa-quruculuq işlərinin uğurla davam etdirildiyi, yaşayış məntəqələrində zəruri infrastruktur yaradıldıqdan, evlərin tikintisi və təmir-bərpa işləri başa çatdıqdan sonra keçmiş məcburi köçkünlərin həmin ərazilərə köçürüldüyü bildirilib. Xatırladılıb ki, indiyədək 50 yaşayış məntəqəsində daimi məskunlaşma həyata keçirilib. Hazırda Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında 100 minə yaxın insan yaşayır, işləyir və təhsil alır.