Binəqədi Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Zaur İmanovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, sonuncu keçirilən prosesdə qərar elan edilib.
Məhkəmənin hökmü ilə Cinayət Məcəlləsinin 221.2.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirləndirilən Zaur İmanovun əməli həmin Məcəllənin 128-ci maddəsinə tövsif olunub. O, cinayət məsuliyyətindən azad edilib və barəsində olan cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilib.
İttihama görə, hadisə 2024-cü ildə saat 19 radələrində paytaxtın Binəqədi rayonu ərazisində baş verib.
Belə ki, Zaur İmanov bir gün əvvəl qonşusu, zərərçəkmiş Nurəddin Məcidovla (adı, soyadı şərtidir) arasında baş vermiş mübahisəni aydınlaşdırmaq məqsədilə tanışının idarə etdiyi “BMW” markalı avtomobillə onun fərdi yaşayış evinin qarşısına gəlib. Təqsirləndirilən şəxs burada özünü üstün göstərmək, başqalarından fərqləndiyini nümayiş etdirmək və ictimai qaydanı kobud şəkildə pozmaq niyyəti ilə Nurəddinlə heç bir əsaslı səbəb olmadan mübahisə edib.
O, zərərçəkmiş şəxsin sifət nahiyəsinə yumruq zərbələri vurub. Nəticədə Nurəddinin sağ gözünün ağlı qişasına qansızma, sağ göz qapaqları və gözaltı nahiyəsində qançır və dərialtı hematoma yaranıb. Zərərçəkmiş şəxs aldığı zərbələrdən sonra yerə yıxılıb. Lakin Zaur bununla kifayətlənməyərək onun üzərinə yenidən hücum edib və bədəninin müxtəlif nahiyələrinə təpiklə zərbələr vurub. Nəticədə Nurəddinin gödəkçəsinin döş cibində olan 650 manat dəyərində “Samsung A6” markalı mobil telefon işlək olmayan vəziyyətə düşüb və məhv olub.
İttihamda qeyd olunur ki, həmin telefon təqsirləndirilən şəxsin hərəkətləri nəticəsində zədələnərək istifadəyə yararsız hala gətirilib.
Hadisədən sonra Zaur İmanov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.
Kamal Məmmədov