Azərbaycanın dövlət siyasətinin əsas istiqamətlərindən biri əhalinin sosial rifahının yüksəldilməsi, vətəndaşların sosial müdafiəsinin gücləndirilməsi və onların həyat şəraitinin yaxşılaşdırılmasıdır. Bu məqsədlə son illər pensiyaların, sosial müavinətlərin və müxtəlif sosial ödənişlərin artırılması istiqamətində mühüm addımlar atılması bunun bariz nümunəsidir. Xüsusilə, yaşa görə pensiya alanların, sosial dəstəyə ehtiyacı olan ailələrin, eləcə də yeni övlad sahibi olan valideynlərin maddi təminatının yaxşılaşdırılmasına yönələn tədbirlər sosial siyasətin əhatə dairəsini daha da genişləndirir. Doğuma görə birdəfəlik müavinətin artırılması, pensiya və müavinətlərin mütəmadi indeksləşdirilməsi və digər sosial ödənişlərdə edilən dəyişikliklər əhalinin alıcılıq qabiliyyətinin qorunmasına, sosial təminatın gücləndirilməsinə və ailələrin maddi yükünün azaldılmasına xidmət edir.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Aydın Hüseynov bildirib ki, pensiya və müavinətlərin artırılması əhalinin sosial rifahının yaxşılaşdırılmasının əsas istiqamətlərindən biridir.

Deputat qeyd edib ki, əhalinin sosial rifahının yaxşılaşdırılması dövlət siyasətinin əsas istiqamətlərindəndir:
"Bu baxımdan pensiyaların, sosial müavinətlərin və müxtəlif birdəfəlik ödənişlərin artırılması mühüm əhəmiyyət daşıyır, çünki bu addımlar birbaşa vətəndaşların gündəlik həyatına, ailələrin maddi vəziyyətinə və gələcəyə olan inamına təsir göstərir. Xüsusilə, pensiya yaşında olan insanların, əlilliyi olan şəxslərin, aztəminatlı ailələrin və uşaqlı ailələrin sosial müdafiəsinin gücləndirilməsi vacib məsələlərdəndir. Pensiyaların və müavinətlərin artırılması bu kateqoriyadan olan insanların artan gündəlik xərclərinin müəyyən qədər qarşılanmasına kömək edir, eyni zamanda bu, dövlətin sosial məsuliyyətinin və vətəndaşların rifahına verdiyi önəmin göstəricisidir. Son illərdə bu istiqamətdə bir sıra mühüm addımlar atılıb. Minimum əmək pensiyasının artırılması, sosial müavinətlərin yenidən nəzərdən keçirilməsi və doğuma görə birdəfəlik müavinətin yüksəldilməsi bunun nümunəsidir. Məsələn, uşağın anadan olmasına görə birdəfəlik müavinətin 600 manata çatdırılması ailələrə göstərilən dəstəyin gücləndirilməsi baxımından əhəmiyyətlidir. Bu vəsait, xüsusilə, yeni körpəsi olan ailələrin ilkin ehtiyaclarının qarşılanmasına müəyyən kömək göstərir. Bununla yanaşı, hesab edirəm ki, sosial ödənişlərin artırılmasına yalnız rəqəmlərin yüksəldilməsi kimi yanaşmaq düzgün olmaz. Əsas məsələ bu artımların insanların real həyatında nə dərəcədə hiss olunmasıdır, çünki ərzaq, dərman, kommunal xidmətlər və digər gündəlik xərclərin artdığı bir şəraitdə pensiya və müavinətlərin alıcılıq qabiliyyətinin qorunması xüsusi əhəmiyyət daşıyır. Buna görə də sosial ödənişlər müəyyənləşdirilərkən inflyasiya və yaşayış xərcləri də nəzərə alınmalıdır. Digər mühüm məsələ sosial dəstəyin daha əlçatan olmasıdır. Vətəndaşların müavinət almaq üçün uzun müddət sənəd toplamaları, müxtəlif qurumlara müraciət etmələri əlavə çətinlik yarada bilər. Bu baxımdan, sosial ödənişlərin elektron və proaktiv qaydada təyin edilməsi müsbət addımdır. Belə yanaşma həm vaxt itkisinin, həm də bürokratik maneələrin azalmasına şərait yaradır. Ümumilikdə, pensiya və müavinətlərin artırılması, uşaqlı ailələrə dəstəyin genişləndirilməsi sosial dövlət siyasətinin vacib tərkib hissəsidir. Əsas məqsəd yalnız vətəndaşlara müəyyən məbləğdə vəsait ödəmək deyil, onların daha təhlükəsiz, sabit və layiqli həyat şəraitinə malik olmalarına nail olmaqdır. Bu istiqamətdə atılan addımlar davamlı olmalı, sosial ödənişlərin artımı insanların real ehtiyaclarına uyğunlaşdırılmalıdır, çünki güclü sosial müdafiə sistemi həm cəmiyyətin rifahına, həm də ölkənin ümumi inkişafına müsbət təsir göstərir".
