““Arvad” sözünün tercüməsi bir az ədəbsizdir. Bir dəfə Nailə İslamzadənin verilişində dedim ki, arvad sözünün yerinə qadın, yaxud başqa ifadə işlədək. Nailə xanım isə dedi ki, ər-arvad münasibətindən danışırıq, “arvad” sözünün yerinə nə qoyaq, ər-qadın münasibəti? Şəxsən mənə “arvad” sözü pis effekt verir. Filankəsin arvadı... Sanki “arvad” sözü asılılıq bildirən sözdür, yəni kişidən asılı olan bir canlı. Bu sözü leksikondan çıxarmaq da düzgün olmaz”.
Bu sözləri Pravda.az-a açıqlamasında tanınmış etnoqraf-tarixçi, professor Təvəkkül Səlimov “arvad” sözünün köhnəlmiş söz kimi lüğətdən çıxarılması ilə bağlı irəli sürülən təkliflərə münasibət bildirərkən deyib.
Alim bildirib ki, on illərdir, “arvad” sözü ədəbiyyatda, dildə, məişətdə işlənir: “Bu sözə birdən-birə qadağa qoymaq da alınmır. Son illər “arvad” sözünü dilimə almaqdan, nitqimdə işlətməkdən qaçıram. Elə bil, bu söz qadını müəyyən mənada alçaldır. Arxaik sözdür. “Arvad” sözünü leksikondan çıxarmasaq da, az işlətmək olar. Məsələn, yaşlıların dilində qəbul etmək olar. Amma gənc oğlanların dilində qızlara “arvad” deyə xitab edilməsi yad səslənir. Bəziləri deyirlər ki, qadının birinci vəzifəsi elə arvad olmaqdır, bu söz arvad olmasın, qadın olsun. Qadının təbii olaraq bioloji vəzifələri də var, əxlaqi, sosial vəzifələri də. “Arvad”ın əvəzində “qadın” deyəndə nə mənfi bir şey baş verir?”
Aytəkin Qardaşova