Əfqanıstanda hakimiyyətdə olan “Taliban” rejimi Bəlx əyalətində rəsmi sənədlərdə qadın adlarının istifadəsini qadağan edib.
Britaniyanın “The Guardian” və Əfqanıstanın “Zan Times” nəşrlərinin araşdırmasına görə, dövlət məmurlarına və xəstəxana işçilərinə qadınların əsl adlarını qeyd etməmək tapşırılıb.
Qadağa hətta həkim reseptlərini və xəstəlik tarixçələrini də əhatə edir. Rəsmi qurumlarda məmurlara qadınlara “bibi” (nənə) kimi müraciət etmək göstərişi verilsə də, bəzi hallarda onlara “keçi” və “inək” kimi alçaldıcı ifadələrlə müraciət edildiyi bildirilir.
Qadın hüquqları müdafiəçiləri bu addımı qadınları ictimai həyatdan tamamilə silmək siyasətinin tərkib hissəsi sayırlar. Əfqan fəal Lalə Osmani qadınlara heyvan adlarının verilməsini “insanlıqdan kənarlaşdırma prosesi” adlandırıb. ABŞ-də fəaliyyət göstərən “Femena” təşkilatının Əfqanıstan proqramının direktoru Zübeydə Əkbər isə qadağanın tezliklə bütün ölkəyə yayıla biləcəyi barədə xəbərdarlıq edib.