Məlum olduğu kimi, 2026-cı ilin oktyabrından etibarən Azərbaycanda bir sıra sabit genişzolaqlı internet provayderlərində aylıq qiyməti 18 manat və ya daha aşağı olan tariflər ləğv edilərək minimum 25 manat səviyyəsinə yüksəldilib. Qərarın bazarda tariflərin vahidləşdirilməsi və telekommunikasiya infrastrukturunun daha da inkişaf etdirilməsi siyasəti çərçivəsində qəbul olunduğu bildirilmişdi. İnternetin qiymətində dəfələrlə artım olsa da, vətəndaşlar sürətdən narazılıq edərək hansısa keyfiyyət yüksəkliyinin olmadığını bildirirlər.
Mövzu ilə bağlı Pravda.az-a açıqlama verən rəqəmsal texnologiyalar və sosial media üzrə mütəxəssis İntiqam Əhmədovun sözlərinə görə, internet qiymətlərinin artmasına baxmayaraq istifadəçilərin xidmətin keyfiyyətindən narazı qalması bir neçə səbəblə bağlıdır.

O bildirib ki, burada əsas məsələ təkcə internetin ölkə üzrə orta sürəti deyil, konkret abonentin aldığı xidmətin keyfiyyətidir: “İlk növbədə, internetin sürəti ilə onun stabil işləməsi fərqli anlayışlardır. Provayder müəyyən sürət təqdim edə bilər, lakin şəbəkədə yüklənmə, texniki nasazlıqlar, köhnəlmiş avadanlıqlar və ya son istifadəçiyə qədər olan infrastrukturun zəifliyi səbəbindən abonent həmin sürəti real olaraq hiss etməyə bilər. Xüsusilə axşam saatlarında şəbəkəyə düşən yük artdıqda bu problem daha qabarıq görünür. Bununla yanaşı, ölkə üzrə internet sürətində artım olduğunu da qeyd etmək lazımdır. Ookla məlumatlarına əsasən, 2026-cı ilin iyul ayında Azərbaycanda sabit genişzolaqlı internetin median sürəti 92,52 Mbit/s təşkil edib. Dövlət Statistika Komitəsinin məlumatlarına görə isə, 100 Mbit/s və daha yüksək sürətli sabit internetə qoşulmuş abonentlərin sayı 2024-cü ildəki 1,09 milyondan 2025-ci ildə 1,41 milyona yüksəlib. Bu göstəricilər infrastrukturun inkişaf etdiyini göstərir. Lakin ölkə üzrə median sürətin artması hər bir istifadəçinin evində və ya iş yerində eyni keyfiyyəti əldə etməsi demək deyil”.
Mütəxəssis qeyd edib ki, digər mühüm məsələ internetin evə və ya ofisə hansı texnologiya ilə çatdırılmasıdır: “Fiber-optik xəttin binaya qədər çəkilməsi ilə birbaşa mənzilə qədər gətirilməsi arasında fərq var. Eyni zamanda, ev daxilində istifadə olunan router, Wi-Fi siqnalının zəifliyi və cihazların texniki imkanları da sürətə təsir göstərə bilər. Buna görə də hər bir sürət problemini yalnız provayderin xarici şəbəkəsi ilə əlaqələndirmək düzgün olmaz. Amma provayder də xidmətin keyfiyyətinə görə məsuliyyətdən kənarda qala bilməz. Problemin uzun illər davam etməsinin səbəblərindən biri də bazarda sağlam rəqabətin və keyfiyyətə əsaslanan mübarizənin kifayət qədər güclü olmaması ola bilər. Əgər istifadəçinin seçim imkanları məhduddursa, provayderin xidmət keyfiyyətini yüksəltmək üçün üzərində daha az rəqabət təzyiqi yaranır. Bu baxımdan infrastrukturun inkişafı ilə yanaşı, bazarda rəqabətin gücləndirilməsi və xidmət keyfiyyətinə nəzarət mexanizmlərinin təkmilləşdirilməsi də vacibdir. Qiymət artımının əsaslandırılması üçün şirkətlər yalnız texniki xərclərin və investisiyaların artmasını qeyd etməklə kifayətlənməməlidirlər. İstifadəçi ödədiyi məbləğin qarşılığında konkret nə əldə etdiyini görməlidir. Bura real sürət, bağlantının stabilliyi, gecikmə göstəricisi, nasazlıqların aradan qaldırılma müddəti və müştəri xidmətinin effektivliyi daxildir. Düşünürəm ki, internet xidmətləri üzrə qiymət siyasəti ilə keyfiyyət göstəriciləri arasında daha aydın əlaqə qurulmalıdır. Tariflər artırılırsa, bu artım real və ölçülə bilən keyfiyyət yaxşılaşması ilə müşayiət olunmalıdır. Əks halda istifadəçi üçün qiymət artımı xidmətin inkişafı deyil, sadəcə əlavə maliyyə yükü kimi görünəcək”.
Şəhanə Qədirli