Məzmuna keç
Azərbaycan bayrağı Pravda.az — xəbər portalı
Özəl

Deputat: “Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığının inkişafı Ermənistan üçün təcriddən regional inteqrasiyaya keçid imkanı yaradacaq”

Paylaş:
Deputat: “Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığının inkişafı Ermənistan üçün təcriddən regional inteqrasiyaya keçid imkanı yaradacaq”
Bizi Google News-da izləyin

Ermənistanın Baş naziri Nikol Paşinyan, xarici işlər və beynəlxalq ticarət nazirinin müavini Vahan Kostanyan açıqlama veriblər ki, Ermənistan hökuməti ölkənin elektrik şəbəkəsini Azərbaycan və Türkiyənin enerji sistemlərinə birləşdirmək niyyətindədir. Erməni müxalifəti də planı tənqid edərək bunun nəticəsində Ermənistanın Türkiyədən asılı qalacağını, enerji sektorunun Ankaranın təsiri altına salınacağını bildiriblər.

Pravda.az-a açıqlama verən Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsinin üzvü Rövşən Muradov bildirib ki, Ermənistanın elektrik enerjisi sistemini Azərbaycan və Türkiyənin enerji şəbəkələri ilə əlaqələndirmək niyyəti Cənubi Qafqazda formalaşmaqda olan yeni siyasi-iqtisadi münasibətlər sisteminin enerji sektorundakı təzahürü kimi qiymətləndirilməlidir.

Deputatın sözlərinə görə, uzun müddət regional kommunikasiya və iqtisadi əməkdaşlıq imkanlarından kənarda qalan Ermənistan üçün qonşu ölkələrin enerji infrastrukturlarına çıxış əldə etmək həm enerji təhlükəsizliyinin təmin olunması, həm də milli iqtisadiyyatın rəqabət qabiliyyətinin yüksəldilməsi baxımından əhəmiyyətlidir: “İqtisadi nəzəriyyə və beynəlxalq təcrübə göstərir ki, enerji təhlükəsizliyinin fundamental şərtlərindən biri təchizat mənbələrinin və ötürmə marşrutlarının diversifikasiyasıdır. Bu baxımdan, Ermənistan müxalifətinin enerji sistemlərinin əlaqələndirilməsinin mütləq şəkildə Türkiyədən asılılıq yaradacağına dair iddiaları iqtisadi cəhətdən kifayət qədər əsaslandırılmış yanaşma deyil. Asılılığı müəyyən edən başlıca amil enerji şəbəkələrinin inteqrasiyası deyil, təchizatın bir mənbə ətrafında cəmləşməsi və alternativlərin məhdudluğudur. Ermənistanın Azərbaycan və Türkiyə ilə enerji mübadiləsi imkanları əldə etməsi onun mövcud enerji asılılığını azaltmaq, təchizat portfelini şaxələndirmək və xarici iqtisadi risklərə qarşı dayanıqlılığını artırmaq potensialına malikdir. Azərbaycan üçün isə məsələnin daha geniş geoiqtisadi mahiyyəti var”.

R.Muradov vurğulayıb ki, Prezident İlham Əliyevin müəyyənləşdirdiyi strateji enerji siyasətinin mühüm istiqamətlərindən biri ölkəmizin beynəlxalq enerji bazarlarında elektrik enerjisi istehsalçısı, ixracatçısı və tranzit ölkə kimi mövqeyinin gücləndirilməsidir: “Zəngəzur dəhlizinin enerji komponentinin reallaşdırılması Azərbaycanın əsas enerji sisteminin Naxçıvanla əlaqələndirilməsinə, Qarabağ və Şərqi Zəngəzurda istehsal olunan yaşıl enerjinin ixrac imkanlarının genişləndirilməsinə, Türkiyə üzərindən Avropa bazarlarına alternativ çıxışın formalaşdırılmasına xidmət edə bilər. Təbii ki, bu əməkdaşlıq milli enerji təhlükəsizliyi, dövlət suverenliyi, kommersiya səmərəliliyi və qarşılıqlı öhdəliklərin etibarlılığı prinsipləri əsasında qurulmalıdır. Enerji infrastrukturlarının əlaqələndirilməsi texniki inteqrasiya ilə yanaşı, uzunmüddətli iqtisadi maraqların uzlaşdırılması prosesidir. Postmünaqişə dövründə regional sülhün dayanıqlılığını təmin edən mühüm amillərdən biri də əməkdaşlığın iqtisadi əsaslarının möhkəmləndirilməsidir. Azərbaycan və Türkiyə ilə enerji əməkdaşlığının inkişafı Ermənistan üçün təcriddən regional inteqrasiyaya keçid imkanı, Azərbaycan üçün isə yeni ixrac və tranzit perspektivlərinin formalaşdırılması deməkdir. Qarşılıqlı iqtisadi maraqların genişlənməsi, öz növbəsində, Cənubi Qafqazda uzunmüddətli sülhün və sabitliyin möhkəmləndirilməsinə xidmət edə bilər”.

Şəhanə Qədirli

Paylaş:

Ən son xəbərlər