Noyabrın 26–27-də Ermənistanın Dilican şəhərində Azərbaycan və Ermənistan vətəndaş cəmiyyətlərinin nümayəndələrinin iştirakı ilə keçirilən “Sülh körpüsü” təşəbbüsünün beşinci ikitərəfli dəyirmi masası başa çatıb.
“Sülh körpüsü” təşəbbüsü adından yayılan açıqlamada bildirilib ki, iki günlük görüşdə hər iki ölkədən ictimai təşkilatların, media və analitik-ekspert dairələrinin ümumilikdə 60-a yaxın nümayəndəsi iştirak edib.
Görüş zamanı 2025-ci il avqustun 8-də Vaşinqtonda keçirilən sammitdə təsdiqlənmiş sülh gündəliyi, Ermənistan-Azərbaycan sülh prosesinin möhkəmləndirilməsi və institusionallaşdırılması imkanları, eləcə də iki cəmiyyət arasında qarşılıqlı etimadın artırılmasına yönəlmiş mümkün addımlar müzakirə olunub.
İştirakçılar Cənubi Qafqazda dayanıqlı iqtisadi əməkdaşlıq, ticarət və kommunikasiya marşrutlarının yaradılması imkanları, humanitar məsələlər, gənclərlə iş, təhsil və iki ölkənin vətəndaş cəmiyyəti nümayəndələri arasında birbaşa və uzunmüddətli əlaqələrin qurulması ətrafında fikir mübadiləsi aparıblar.