Kənd Təsərrüfatı Nazirliyinin tabeliyində fəaliyyət göstərən Balıqçılıq və Akvakultura Mərkəzi fərdi sahibkar Səfərəliyev Pərviz Novruzəli oğlu ilə satınalma müqaviləsi imzalayıb.
Pravda.az “Yeni Avaz” -a istinadən xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Pərviz Səfərəliyev Balıqçılıq və Akvakultura Mərkəzinin sifarişi ilə bu quruma restoran xidməti (şam yeməyinin təşkili) göstərib və qarşılığında 3 min 960 manat alıb.
Qeyd edək ki, fərdi sahibkar Pərviz Səfərəliyevin qeydiyyat ünvanı Xəzər rayonu, Buzovna qəsəbəsi, M. Musayev küçəsi, ev 15, mənzil 15 ünvanında yerləşir. Bu ünvanda “Dükkan” adlı restoran fəaliyyət göstərir.
Açıqlanan məlumatlardan belə görünür ki, “Dükkan” restoranının paytaxtda bir neçə şöbəsi fəaliyyət göstərir. Ötən il Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) əməkdaşları “Dükkan” restoranının Buzovna qəsəbəsi, R. İmanov küçəsi, 37 ünvanında fəaliyyət göstərən şöbəsinə baxış keçiriblər. Baxış zamanı emal sahəsində texnoloji ardıcıllıq prinsipinə riayət edilmədiyi, xammalın saxlanmasına və temperatur rejiminə nəzarət olunmadığı aşkarlanıb. Yoxlama zamanı istehlaka yararsız bir sıra qida məhsulları müəyyən olunaraq onların istehlaka təqdim edilməsinin qarşısı alınıb.