Xəbər verdiyimiz kimi, Şamaxı-Ağsu sərhədində 26 noyabr tarixində 4,3 maqnitudalı zəlzələ baş verib. Yeraltı təkanlardan sonra daha güclü zəlzələnin baş verməsi ehtimalı ilə bağlı yaranan suallar vətəndaşlar arasında narahatlıq yaradıb.
Pravda.az-a açıqlama verən Geologiya və Geofizika İnstitutunun şöbə müdiri Qulam Babayev deyib ki, Şamaxı-İsmayıllı seysmik aktiv zona kimi səciyyələnir.

O qeyd edib ki, zona yüksək seysmik potensialına malikdir: “Bu, geodinamika və seymsmologiya baxımından belədir. 4.3 maqnitudalı zəlzələ mütləq daha güclü zəlzələnin xəbərçisi kimi səciyyələnə bilməz. Yəni bu zəlzələ baş veribsə, “irəlidə güclü zəlzələnin baş vermə ehtimalı güclənir” demək yanlışdır. Xeyr, bu zəlzələ heç cür onun xəbərçisi deyil. Amma yaxın vaxtlarda afterşoklar mümkündür. Bəlkə bu gün də olub, sabah da, həftə içində də olacaq. Afterşokların olması mütləqdir. Ümumiyyətlə Böyük Qafqazın cənub yamacı Zaqatala-Balakən zonası və Xəzər dənizi seysmik təhlükə baxımdan hər zaman diqqətdə saxlanılmalıdır. Amma 2027-ci il üçün güclü zəlzələ proqnozu verməyin əsası yoxdur, amma bilinməlidir ki, Azərbaycanın seysmik təhlükəsi daim mövcuddur və hər zaman nəzarətdə saxlanılmalıdır. Bu mütləqdir. Əhaliyə nə əsassız arxayınlıq, nə də təşviş yaratmağı düzgün hesab edirəm. Seysmoloqların, aidiyyatı üzrə alimlərin əsas qüvvəsi seysmik monitorinqin davam etdirilməsinə yönəldilməlidir. Binaların zəlzələyə davamlılığının təmin edilməsinə, əhalinin hazırlığının artırılmasına çalışılmalıdır. Bu, mütləq şəkildə olmalıdır”.
Şəhanə Qədirli