“Həmişə deyirdim ki, balinalar üzür, balıqcıqları isə məhkəməyə verirlər. İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevəin azadlığa buraxılmasına da bu cür yanaşmaq olar. Törədilən cinayətdə, bəlkə də, yüzdə biri, mində biri qədər günahı olanlara güzəşt edilmir, onlara ağır cəzalar verilir, lakin belə insanlar səhhəti ilə bağlı, yaxud başqa səbəbdən azadlığa çıxa bilirlər. Başa düşmək lazımdır ki, xalq bu prosesləri izləyir və hakimiyyətdən narazı qalır. İnsanlar hesab edə bilərlər ki, məhkəmə hakimiyyəti müstəqil deyil, yaxud korrupsiyalaşıb, nəyinsə müqabilində imkanlı məhbuslar azadlığa buraxılırlar, digərləri isə məsuliyyətə cəlb olunurlar”.
Bu sözləri Pravda.az-a açıqlamasında Ali Məhkəmənin sabiq sədri, sabiq deputat Tahir Kərimli deyib.
O bildirib ki, uzun illər hüquq sistemində, xüsusən, məhkəmə iclas katibliyindən tutmuş Ali Məhkəməyə qədər müxtəlif vəzifələrdə çalışıb: “İmkanım olub ki, bütün vəziyyətlərdə məhkəmə baxışının, məhkəmədə qəbul olunan qərarların ədalətliliyini müşahidə edim, özüm üçün nəticə çıxarım. Heç vaxt sərt cəzaların tətbiqinin tərəfdarı olmamışam, çünki həmişə müəyyən cinayətlərin törədilmə səbəblərini araşdıranda aydın olub ki, eyni tipli əməllər üzrə daha ağır cinayət törədənlər bəzən məsuliyyətdən kənarda qalırlar. Sovet dövründə belə istintaq aparan prokurorluğa hakim kimi müraciət edirdim ki, ən çox yeyintiyə yol verən insanlar məhkəməyə verilmirlərsə, üç-beş manata adam aldadanlar niyə məhkəməyə verilməlidir? Dəfələrlə bu sahədə müəyyən təkliflərim olub. Buna görə də Vilyam Hacıyevin azadlığa buraxılmasını ağrılı qarşılayıram. Çünki məhkəmənin adına adi toz belə qonmasını heç vaxt istəməmişəm. Uzun illər həm qanunvericilik, həm də praktiki iş sahəsində məhkəmələrin müstəqilliyinə, onların icra hakimiyyətindən və prokurorlardan asılı olmamalarına çalışmışam. Bunu öz əməlimlə göstərmişəm. Buna görə də Vilyam Hacıyevlə bağlı qərar məni üzür, razı salmır. Tələbimiz budur ki, Vilyam Hacıyev azadlığa buraxılırsa, buraxılsın, cəzası azaldılsın, eybi yox. Amma ağzına kimi məhbuslarla dolu olan həbsxanalardakı çox kiçik cinayətkarlara da eyni münasibət göstərilsin, onda onlar da azadlığa buraxılsınlar”.
Xatırlatma: Vilyam Hacıyev 2012-2020-ci illərdə İmişli Rayon İcra Hakimiyyətinin başçısı olub. 5 may 2020-ci ildə Dövlət Təhlükəsizliyi Xidmətinin RİH-nin binasında keçirdiyi əməliyyat nəticəsində saxlanılıb. O, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə xüsusilə külli miqdarda mənimsəmədə və rüşvət almaqda təqsirli bilinərək 12 il müddətinə azadlıqdan məhrum edilib. Sonradan onun cəzası 12 ildən 8 il 6 aya endirilib. Bu ilin noyabrın 27-də Xəzər Rayon Məhkəməsi Vilyam Hacıyevin səhhəti ilə əlaqədar vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı qərar qəbul edib. Onun cəzasının başa çatmasına 1 ildən bir qədər çox vaxt qalmışdı.
Aytəkin Qardaşova