“Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Vasif Talıbovun istefasından sonra onun və övladlarının gələcək taleyinin necə olacağı ilə bağlı ortaya çıxmış suallar hələlik konkret cavablarını tapmayıb. Lakin mətbuata ayaq açan məlumatlar Talıbovların qara günlərinin hələ qarşıda olduğunu ehtimal etməyə əsas yaradır”. Musavat.com-un məlumatına görə, bu barədə Missiya.az yazıb. İddialara görə, hələ ictimaiyyətə açıqlanmayan tükürpədici faktlar var ki, onlar da tədricən gün üzünə çıxarılacaq və nəticədə Talıbovların dövlətə vurduğu zərərin miqdarı barədə daha aydın təsəvvürlər yaranacaq: “Eyni zamanda, Naxçıvan əhalisinin Dövlətdən narazı salınmasına xidmət edən davranışlar, eləcə də ağlasığmaz qadağalar barədə daha dəqiq və ətraflı məlumatların da çeşidlənəcəyi gözlənilir. Hazırda dolaşan məlumatlardan biri də Talıbovlara məxsus daşınan və daşınmaz əmlakın, şirkət və obyektlərin, eləcə də avtomobillərin dəqiq siyahısının müəyyənləşdirilməsi ilə bağlıdır. Bu isə Talıbovların qanunsuz yolla formalaşdırılmış varidatının dövlətin nəfinə veriləcəyini göstərir.
Məlumatlara görə, Vasif Talıbovun övladları Azərbaycan müğənnilərinin bir çoxuna bahalı hədiyyələr verib, böyük ölçüdə “qonorarlar” ayırıblar. Onların sırasında Aygün Kazımova, Röya Ayxan, Damla, Nəfəs, Vəfa Şərifova və digərlərinin adı çəkilir. Talıbovların “səxavətindən” yararlanan türkiyəli müğənnilər də var. Demet Akalın, Hande Yener konkret olaraq Seymur Talıbov tərəfindən böyük məbləğdə pul və bahalı hədiyyələrlə mükafatlandırılıblar’’.
Məlumatlarda həmçinin qeyd olunur ki, Talıbovların xərcləmələri ən xırda detala qədər araşdırılır və çox güman ki, müğənnilər də sorğu-suala çəkilərək, “Nə qədər almısız, harada və hansı şəkildə” kimi suallara cavab verməli olacaqlar.
Qeyd edək ki, Vasif Talıbovun böyük oğlu Rza Talıbovun Əməkdar artist, müğənni Röya Ayxana 8 milyonluq mülk hədiyyə etməsi barədə xəbərlər də yayılıb. Bəzi KİV-lərdə və sosial şəbəkələrdə tirajlanan bu iddiaya görə, Bakı-Buzovna yolunda, Zağulba prospektində yerləşən həmin dəbdəbəli saray 20 sot torpaqda inşa olunub. Qeyd olunur ki, Röya Ayxan Naxçıvanda 2019-cu ilin avqustunda konsert verib. Bu konsertin təşəbbüskarının da Rza Talıbovun olduğu bildirilir. Hətta Röya Ayxanın vaxtilə Rza Talıbovun sevgilisi olduğu da iddialar sırasında vurğulanır.