Prezident İlham Əliyevin imzaladığı “Əhalinin sosial rifahının yaxşılaşdırılması sahəsində əlavə tədbirlər haqqında” Sərəncama əsasən minimum aylıq əməkhaqqı 1 yanvar 2023-cü ildən 15 faiz artırılaraq 300 manatdan 345 manata çatdırılıb.
Dövlət büdcəsindən maliyyələşdirilən sahələrdə çalışan işçilərin aylıq tarif (vəzifə) maaşları da bir ay müddətində bu Sərəncama uyğunlaşdırılacaq və minimum əməkhaqqı artımı vahid tarif cədvəlinin (VTC) bütün pillələri üzrə əməkhaqlarında artımları təmin edəcək. Ümumilikdə minimum əməkhaqqı və VTC üzrə işləyənlərin əməkhaqqı artımı 700 min nəfəri əhatə edəcək.
Yeni Sərəncama əsasən, minimum pensiya 280 manata çatdırılacaq, müavinət və təqaüdlər artırılacaq. Bununla bağlı Nazirlər Kabineti təkliflərini on gün müddətində hazırlayaraq dövlət başçısına təqdim edəcək. Beləliklə, minimum aylıq pensiyanın məbləği də 16,7 faiz artırılaraq 240 manatdan 280 manata çatdırılacaq. Bu artım 100 minədək pensiyaçını əhatə edəcək.
Xatırladaq ki, hökumət 2023-cü il üçün yaşayış minimumu və ehtiyac meyarını bərabərləşdirərək 246 manata çatdırıb. 2022-ci il ərzində davam edən bahalaşma sosial ödənişlərin və maaşların əhəmiyyətli şəkildə artrılmasını diktə edirdi. Müstəqil iqtisadçılar kommunal tariflərin, ərzaq və gündəlik tələbat mallarının, habelə rüsumlar və xidmət haqlarının əhalinin gəlirlərinə 40 faizdən artıq əlavə yük yaratdığını bildirirlər. Hökumətin artım qərarı isə pensiyalarda 16.7, minimum əmək haqqında 20 faiz civarında oldu.
Kəskin bahalaşma fonunda hökumətin artım qərarı itkiləri tam kompensasiya etməsə də, müsbət hadisə sayılır. Amma hazırkı sosial təminat sistemində elə qaydalar var ki, bir çox hallarda maaş, pensiya artımlarından əlavə problemlərin yaranmasına səbəb olur.
Öncə qeyd edək ki, Azərbaycanın üzv olduğu Avropa Sosial Xartiyası qarşısında götürdüyü öhdəliyə görə, ölkədə minimum əmək haqqı orta aylıq əmək haqqının (848 manat) 60 faizindən yüksək olmalıdır. Bu isə o deməkdir ki, minimum əmək haqqı ən azı 500 manat təşkil etməlidir. Göründüyü kimi, son artım da bu rəqəmin hələ əlçatmaz olduğunu göstərir.
Problemlərə gəlincə, pensiya artımı ancaq 240 manatdan 280 manata qədər təqaüd alanlara şamil ediləcək. 280 manatdan yüksək təqaüd alanlar Prezidentin Sərəncamından faydalana bilməyəcəklər. Nazirlik bəyan edib ki, artım 100 min nəfərə şamil olur, Azərbaycanda təqaüdçülərin sayı isə 750 min nəfərə yaxındır. Qeyd edək ki, bu təbəqə əsasən 40 ildən artıq iş stajına malik olan vətəndaşlardır. Onların əksəriyyəti 290-310 manat civarında təqaüd alır. Beləliklə, onilliklər ərzində işləyib dövlətə ödəniş etmiş yaşlı vətəndaşların gəlirləri ilə minimum pensiya arasında 20-25 manat fərq olacaq. Bu, birmənalı şəkildə sözügedən vətəndaşlara qarşı ədalətsizlikdir.
Gözlənilir ki, fevral ayında 2022-ci il ərzində orta aylıq inflyasiya həddinə görə onların gəliri indeksasiya olunsun. Hökumət kuluarlarında gəzən xəbərlərə görə, hökumət 15 faizlik indeksasiya haqqında düşünür. Bu da ötən ilki bahalaşmanın real itkilərinin yarsından azı deməkdir. Daha sonra ötən il ərzində hər rübdə pensiyaçılara verilən 50 manat (il ərzində toplam 200 manat) aylara bölünərək təqaüdlərə əlavə ediləcək. Hökumətin onu necə təqdim etməsindən asılı olmayaraq ona 2023-cü ildə real gəlir artımı demək mümkün deyil.