Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində fəaliyyət göstərən Dövlət Əmək Müfəttişliyi Xidmətinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, Əmək Müfəttişliyi Xidmətinin Bakı şəhər İdarəsi üçün inzibati bina sahəsinin icarəyə götürülmsiylə bağlı tenderin qalibi Fəridə Hüseynalı qızı Orucova (VÖEN – 1400576242) olub. Dövlət Əmək Müfəttişliyi Xidməti Fəridə Hüseynalı qızı Orucovaya məxsus 980 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürür. Əmək Müfəttişliyi Xidməti icarə haqqı olaraq Fəridə Hüseynalı qızı Orucovaya 163 min 548 manat 96 qəpik (ayda 13 min 629 manat) ödəyəcək.
Onu da bildirək ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə tabe olan qurumların bir-çoxu ofis sahələrini icarəyə götürürlər:
- Ötən ayın son günlərində DSMF Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirib. Müsabiqənin qalibi Bayramov Amil Qinyaz oğlu (VÖEN – 1003009142) olub. DSMF Bayramov Amil Qinyaz oğluna məxsus 3000 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürür. DSMF icarə haqqı olaraq Bayramov Amil Qinyaz oğluna 445 min 500 manat (ayda 49 min 500 manat) ödəyəcək.
- Ötən ayın əvvəlində DSMF-nin Maliyyə və Mühasibatlıq üzrə Mərkəzi Filialı üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Hüseynova Almaz Hacı qızı (VÖEN – 1307950442) olub. DSMF Hüseynova Almaz Hacı qızına məxsus 2200 kv. metr qeyri-yaşayış sahəsini 9 ay müddətinə icarəyə götürüb və 240 min 702 manat ödəyəcək.
- Oktyabr ayında Nazirliyin tabeliyində olan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi Emil Vidadi oğlu Orucov (VÖEN – 1604117012) olub. Nazirlik Emil Vidadi oğlu Orucova məxsus 2000 kv. metr qeyri-yaşayış sahəsini 12 ay müddətinə icarəyə götürüb və 318 min 622 manat 7 qəpik ödəyəcək.
- Bu ilin iyul ayında Nazirliyin tabeliyində olan Dövlət Məşğulluq Agentliyi üçün ofis sahəsinin icarəyə götürülməsilə bağlı tender müsabiqəsi həyata keçirilib. Müsabiqənin qalibi "Macaz Construction” MMC (VÖEN – 1302101451) olub. Nazirlik 2300 kv. metr qeyri-yaşayış sahəsini 6 ay müddətinə icarəyə götürüb və 743 min 853 manat 12 qəpik ödəyəcək. Qeyd edək ki, "Macaz Construction” MMC-nin Alternativ və Bərpa Olunan Enerji Mənbələri üzrə Dövlət Agentliyinin sabiq rəhbəri Akim Bədəlovun ailə üzvlərinə məxsus olduğu bildirilir.