Yanvarın 19-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Davosda Niderland Krallığının Baş naziri Mark Rutte ilə görüşü olub.
Pravda.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Niderland arasında iqtisadi sahədə əməkdaşlığın inkişaf etdiyi xüsusi qeyd olundu, bu xüsusda Niderland şirkətlərinin Azərbaycanda müxtəlif layihələrin həyata keçirilməsində yaxından iştirak etdiyi vurğulandı.
Mark Rutte Azərbaycanın Avropa İttifaqının enerji təhlükəsizliyinin təmin olunmasına verdiyi töhfəni və Avropa ölkələrinin qazla təchizatında oynadığı rolu xüsusi qeyd edərək, buna görə təşəkkürünü bildirdi.
Söhbət zamanı Şərq-Qərb nəqliyyat dəhlizinin və onun tərkib hissəsi olan Orta Dəhlizin artan əhəmiyyəti qeyd edildi, regional məsələlər barədə fikir mübadiləsi aparıldı.
Dövlətimizin başçısı Ermənistan-Azərbaycan münasibətlərinin normallaşdırılması, iki ölkə arasında sülh müqaviləsi üzrə danışıqlar prosesi haqqında məlumat verdi. Azərbaycan Prezidenti Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin dəstəyi ilə aparılan danışıqlar prosesinin vacibliyini vurğuladı, ölkəmizin bu proses çərçivəsində danışıqların davam etdirilməsinə hazır olduğunu dedi.