Məzmuna keç
Pravda.az — xəbər portalı
Özəl

Kişi gəlinini nəyə görə öldürüb?

910
Paylaş:
Kişi gəlinini nəyə görə öldürüb?

Daşkəsəndə gəlinini qətlə yetirməkdə təqsirləndirilən Məhəmmədəli Mustafayevin cinayətinin bəzi detalları məlum olub.

Pravda.az-ın əldə etdiyi məlumata görə, ittiham aktına əsasən, hadisə avqustun 22-si saat 10 radələrində Daşkəsən rayonu, Bayan kəndində yerləşən fərdi yaşayış evində qeydə alınıb.

Belə ki, 1964-cü il təvəllüdlü Məhəmmədəli Mustafayev yataq otağında gəlini, 1993-cü il təvəllüdlü Nəzakət Həsənova ilə mütəmadi olaraq anasının yaşadığı İmişli rayonu, Aranlı kəndində yerləşən evinə gedərək bir müddət yaşamasını irad bildirib. Aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı Nəzakət Həsənova onu təhqir edərək söyüş söyüb. Məhəmmədəli  bundan əsəbləşərək masanın üzərindən götürdüyü mətbəx bıçağı ilə əvvəlcə gəlinin boğazını kəsməyə cəhd edib. Qadına sağlamlığa zərər vurmayan xəsarət olduğundan dərəcəsi təyin olunmayan boyunun səthi yarası və alt çənənin qançırı xəsarətini yetirib. Qayınata bıçağın Nəzakətin boğazını kəsmədiyini görüb. Daha sonra o, qadının qışqırıq səslərinə otağa daxil olmuş yetkinlik yaşına çatmayan nəvəsinin gözləri qarşısında müstəsna dərəcədə qəddarlıq və rəhmsizlik göstərərək, işgəncə və xüsusi ağrılar, yəni xüsusi amansızlıqla gəlininə 10 ədəd bıçaq zərbəsi vuraraq öldürüb.

Məhkəmə iclasında dindirilən Məhəmmədəli Mustafayev özünü ona ittiham elan edilmiş Cinayət Məcəlləsinin 120.2.2 və 120.2.4-cü maddələri ilə deyil, 120.1-ci maddəsi ilə təqsirli bilib. O, ifadəsində göstərib ki, Nəzakətin bacısı Təhminə və anası Gülnar mütəmadi olaraq müxtəlif bəhanələrlə gəlinini evlərinə apardıqları üçün həmişə aralarında narazılıq olub. Onlar Nəzakəti evlərinə apararaq, ona özlərinin baxacaqlarını deyiblər. Həmin şəxslər Nəzakətin yaşadığı Daşkəsən rayonu, Bayan kəndində yerləşən evin şəraitinin pis olduğunu səbəb gətirərək qadınla təqsirləndirilən şəxsin oğlu Samirin Bakı şəhərində yaşamalarını istəyiblər. Onlar bir neçə ay Bakıda kirayədə qalıblar. Sonra Nəzakətin kirayədə qalmasına razı olmayıb onu yenidən öz evlərinə aparıblar.

Təqsirləndirilən şəxsin sözlərinə görə, Nəzakətin bacısı Təhminə bir neçə dəfə evlənib boşanıb. Son zamanlarda isə tanımadığı hərbi qulluqçu ilə qeyri-rəsmi birlikdə yaşayır. O da bu səbəbdən Nəzakətin tez-tez ailəsininin yanına getməyindən, qadının onun ailəsinin adına ləkə gətirəcək hərəkət etməsindən narahat olduğunu deyib. Sonuncu dəfə Təhminə Samirə zəng edərək anasının xəstə olduğunu, Nəzakətin gəlməsini qeyd edib. Həmin vaxt Məhəmmədəli Mustafayev Təhminə ilə telefon vasitəsilə danışaraq onun yalan danışdığını anladığını bildirib.

Lakin Təhminə onunla kobud danışaraq Nəzakəti göndərmələrini deyib.Bundan sonra Samir Nəzakəti anasıgilin yaşadığı evə aparıb. Növbəti gün o, Samirlə danışan zaman oğlu ona Nəzakətin anasının sağlam olduğunu, Təhminənin yalan danışdığını söyləyib. O, oğluna gəlinini gətirməyini deyib, lakin Nəzakətin anası və bacısı razı olmayıb. Daha sonra Samir Bakıda kirayədə yaşadıqları evə gedib, Nəzakət isə anası və bacısı ilə birlikdə İmişli rayonunda qalıb. Nəzakət təxminən iki ay anası və bacısı ilə birlikdə yaşadıqdan sonra yenidən Bakıya Samirin yanına gedib.

Onlar 2022-ci ilin avqust ayının 19-da Bayan kəndinə gəliblər. 22 avqust 2022-ci il tarixdə səhər saatlarında Məhəmmədəli Mustafayev Nəzakəti evin həyətyanı sahəsindən evə çağırıb. Nəzakət evə daxil olandan sonra o, gəlininə “sonuncu dəfə də ananla bacın bizi aldadaraq səni evlərinə apardı, ya bir dəfəlik boşan, ya da ananın evinə getməyinə son qoy” deyib. Bundan sonra aralarında yaranmış mübahisə zamanı Nəzakət ona söyüş söyüb. Qayınata da bundan əsəbləşərək mətbəx bıçağı götürüb və qadına zərbələr endirib.

Məhəmmədəli Mustafayev ifadəsinin davamında bildirib ki, vurduğu birinci zərbəni xatırlayır, sonra özünü itirdiyindən digər zərbələri xatırlamır. Hadisədən sonra DİN-in "102" xidməti zəng mərkəzinə zəng edərək gəlinini öldürdüyünü deyib, bu zaman nəvəsi onun danışığını eşidib. Bundan başqa, o, ifadəsində Nəzakəti vurarkən evdə heç kimin olmadığını, hadisəni heç kimin görmədiyini, nəvələrinin digər oğlunun evində olduqlarını söyləyib. Daha sonra Məhəmmədəli Mustafayev polis əməkdaşları tərəfindən saxlanılıb. Gəncə Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə o, 16 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.

Qeyd: Məhəmmədəli Mustafayevin barəsində Cinayət Məcəlləsinin 120.2.2 (xuliqanlıq niyyəti ilə adam öldürmə) və 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürmə) maddələri ilə ittiham irəli sürülüb.

Kamal Məmmədov

Paylaş:

Ən son xəbərlər