Azərbaycan Kikboksinq və Sambo Federasiyasının sabiq vitse-prezidenti, peşəkar idmançı Səbuhi Rəcəbin (Səbuhi Vaqifoğlu) məhkəməsində şahid qismində Mehriban Babayeva ifadə verib.
Pravda.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi Əli Məmmədovun sədrliyi ilə keçirilən prosesdə M.Babayeva bildirib ki, təqsirləndirilən şəxsi 10 ildən artıqdır ki tanıyır:
"Mən özüm baxıcılıqla (falçılıqla - red.) məşğulam. Səbuhinin qaynanasıgillə qonşu olmuşam. Zərərçəkmiş Şahin doktor yüksək vəzifəyə təyin olmaq istəyirdi. Səbuhinin belə işlərdə bacarıqlı oğlan olduğunu bilirdim və onları bir-birləri ilə tanış etdim. Sonra Şahindən Əliyevdən eşitdim ki, Səbuhiyə bu işi alındırması üçün 250 min manat verib. Mən irad tutdum ki, 250 min manat kifayət qədər böyük puldur, gərək tələsməzdin. mənim onlarla sonra heç bir əlaqəm olmadı. Şahin dedi ki xeyli müddət keçib, ancaq işi alındırmayıb. Mən də onu əmin etdim ki əgər işi düzəltməsə mən iki evimi satıb pulunu qaytaracam".
Məhkəmənin növbəti prosesi martın 6-na təyin olunub.
İttiham aktına əsasən, S.Rəcəb tanışı Şahin Əliyevi Səhiyyə Nazirliyinin Əziz Əliyev adına Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun rektoru vəzifəsinə düzəldəcəyinə dair yalan vəd verib və onun ümumilikdə 250 min manatını dələduzluq yolu ilə ələ keçirib.
Bundan başqa, o, təkrarən etibardan sui-istifadə etmə yolu ilə tanışı Səbinə Əliyevaya birlikdə iş görüb, qazanc əldə etməsinə dair yalan vəd verib. S.Rəcəb bu adla ondan ümumilikdə 40 min manat pulu dələduzluq yolu ilə alıb.