Bu gün Baş nazir Əli Əsədov Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçirilən Dünya Hökumət Sammitinin plenar iclasında iştirak edib.
Nazirlər Kabinetindən verilən məlumata görə, iclasda çıxış edən Baş nazir Azərbaycan Respublikasının bu gün müstəqil və fəal xarici siyasət yürütdüyünü, dünya miqyasında etibarlı tərəfdaş kimi tanındığını bildirib.
Diqqətə çatdırılıb ki, 44 günlük Vətən müharibəsində Azərbaycan 30 il işğal altında qalan öz əzəli torpaqlarını azad edib. Beynəlxalq hüquqa, onun norma və prinsiplərinə hər zaman böyük hörmətlə, məsuliyyətlə yanaşan Azərbaycan dövləti bu gün regionda sülhün, sabitliyin, əməkdaşlığın və dayanıqlı inkişafın bərqərar edilməsi istiqamətində səylə çalışır. Azərbaycanın hər zaman ehtiyac içərisində olan ölkələrlə həmrəy olduğu, onlara yardım göstərdiyi xüsusi vurğulanıb. Baş nazir qeyd edib ki, xüsusilə ötən dövr ərzində COVID-lə bağlı 80-dən çox ölkəyə göstərdiyimiz dəstək bizim beynəlxalq arenada həmrəyliyin möhkəmləndirilməsinə töhfəmizdir.
Əli Əsədov Türkiyənin cənub-şərqində baş vermiş dəhşətli zəlzələ ilə bağlı bir daha Azərbaycanın həmrəyliyini ifadə edib. Azərbaycanın Qoşulmama Hərəkatındakı uğurlu sədrliyi barədə məlumat verən Baş nazir üzv dövlətlərin yekdil razılığı ilə bu sədrliyin bir il uzadılmasının ölkənin beynəlxalq arenada oynadığı rola verilən qiymət kimi dəyərləndirib.
İclas iştirakçılarına Azərbaycanda iqtisadiyyatın şaxələndirilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması, milli iqtisadiyyatın rəqabət qabiliyyətliyinin artırılması, əhalinin sosial müdafiəsinin təmin edilməsi, insanların yaşayış şəraitinin yaxşılaşdırılması, yoxsulluq səviyyəsinin əhəmiyyətli dərəcədə azaldılması istiqamətində görülən işlər barədə məlumat verilib.
Keçən il Ümumi Daxili Məhsulun əvvəlki illə müqayisədə 4,6 faiz artığı, xarici ticarətin ildən-ilə yüksəldiyi, eyni zamanda, xarici borcun əhəmiyyətli dərəcədə azaldığı diqqətə çatdırılıb.
Bildirilib ki, iqtisadiyyatın şaxələndirilməsi və ixrac potensialının yüksəldilməsi istiqamətində tədbirlər nəticəsində qeyri-neft məhsullarının ixracı 12,3% yüksəlib və dövlət büdcəsinin gəlirlərinin 50%-i qeyri-neft-qaz gəlirləri hesabına formalaşıb.
Bütün ölkələr üçün ərzaq təhlükəsizliyi məsələsinin kəskin şəkildə aktuallaşması fonunda Azərbaycanda əsas ərzaq məhsulları ilə daxili bazarın təchizatının yaxşılaşdırılması və özünütəminat səviyyəsinin qorunması istiqamətində təxirəsalınmaz tədbirlərin görüldüyü qeyd olunub.
Vurğulanıb ki, Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissələrindən biri də əhalinin sosial məsələlərinin həlli, onların dövlət orqanlarının xidmətlərinə əlçatanlığının təmin edilməsi və vətəndaş məmnunluğunun daha da artırılmasıdır.