Avropa İttifaqının Rusiyaya qarşı tətbiq etməsi gözlənilən 10-cu paket çərçivəsində sanksiya tətbiq olunacaq rusiyalı rəsmilərin adları bəlli olub.
Bu barədə sanksiyalarla bağlı ilkin sənədi əldə etmiş "EU Observer" saytı məlumat yayıb.
Portalın verdiyi məlumata görə, sanksiyalar siyahısında Ukraynanın işğal olunmuş torpaqlardan ukraynalı uşaqların kütləvi oğurlanmasına kömək etdiklərinə görə rusiyalı siyasətçilər - Lenara İvanova, Vyaçeslav Duxin və Tatyana Moskalkovanın adları çəkilir. Onların viza qadağası və aktivlərinin dondurulması ilə üzləşəcəyi bildirilir.
"Başqırdıstan Baş nazirinin müavini Lenara İvanova ukraynalı uşaqların Rusiyaya zorla deportasiyası və sonradan onların rus ailələri tərəfindən qanunsuz övladlığa götürülməsində iştirak edən əsas şəxslərdən biridir. Moskva vilayətinin rəsmisi Duxin, ukraynalı uşaqların öz bölgəsində yaşayan ailələrə qeyri-qanuni övladlığa götürülməsinə şərait yaradırdı və qeyri-qanuni deportasiya edilmiş bu ukraynalı uşaqlar üçün Rusiya vətəndaşlığını təmin etməyə çalışırdı. Sanksiya tətbiq olunacaq Rusiyanın insan haqları üzrə komissarı Moskalkova isə Rusiya tərəfindən işğal olunmuş Ukraynada “filtrasiya düşərgələri”nin mövcudluğunu inkar edib", - Aİ sənədində qeyd olunub.