Kulis.az Tehran Əlişanoğlunun "Anarın "Unudulmaz görüşlər"ində Heydər Əliyev" adlı yazısını təqdim edir.
Xalq yazıçısı Anarın "Unudulmaz görüşlər"i (Bakı, "Təhsil", 2009) Ulu Öndər Heydər Əliyevin ədəbiyyatda obrazını yaradan ilk iri həcmli əsərdir. Anar deyir: "Heydər Əliyev haqqında çox yazılıb, qalın-qalın kitablar çıxıb. İllər keçdikcə daha da çox yazılacaq, tarixin süzgəcindən keçmiş qiymətlər daha da dəqiqləşdiriləcək, dünyada və ölkəmizdə baş verəcək olayların, gələcək hadisələrin kontekstində onun xidmətləri daha dərindən dərk ediləcək. Amma bu, gələcək nəsillərin işidir. Bugünkü nəsillərin, onun çağdaşlarının, özəlliklə onunla bu və ya digər dərəcədə təmasda olanların borcu isə Heydər Əliyevlə bağlı anılarını, xatirələrini yubanmadan qələmə almaq, onun mürəkkəb və zəngin obrazının müxtəlif çalarlarını, ayrıntılarını sənəd kimi tarixin malı etməkdir..." (Anar, Unudulmaz görüşlər, s. 42. - Məqalədə çoxsaylı sitatlar bu mənbədəndir)
"Unudulmaz görüşlər" memuar ədəbiyyatının yaxşı nümunəsi sayılmalıdır. Bu janr fakt dəqiqliyini sevir; Anar əsəri vaxtilə Heydər Əliyevlə görüşlərdən sonra etdiyi Gündəlik qeydləri və bugünün düşüncələri zəminində qələmə almışdır. Və hətta bəzən yaddaşına inanmayıb, yaxın tarixin hadisələrindən söz açırkən, faktı həmin dövrün mətbuatında getmiş sənədli materiallara müraciət etməklə möhkəmləndirir. Ümumən, Anarsevərlər yaxşı bilir: bir yazıçı kimi Anar qələmə heç vaxt yalan deməmişdir. Elə bunun nəticəsidir ki: Anar qələmindən çıxan Obrazları alıb, bütöv bir dövrü, Cəmiyyət hadisələrini, İnsan mənzərələrini təsəvvür etmək, çözələmək, səciyyələndirmək olur. "Unudulmaz görüşlər"də də belədir; yazıçı dahi Şəxsiyyətin Ədəbiyyatdan görünən Portretini cızmaqla həm də kölgəsində bütöv Epoxa-Cəmiyyət-Mühit mənzərələrinə işıq sala bilir.
Anar Heydər Əliyevin obrazını yaradarkən, şəksiz ki, ilk növbədə Ədəbiyyat, Mədəniyyət materiallarına müraciət edir; Heydər Əliyev və yazıçılar, Heydər Əliyev və Ədəbiyyat, Heydər Əliyev və ədəbi mühit, Dövlət başçısı olaraq Heydər Əliyevin yeritdiyi Mədəniyyət və Ədəbiyyat siyasəti və s. kimi Ədəbiyyatla bağlı məqamlara diqqətli olur. Çün memuar janrının şərti - olmuşlara sədaqətdir; bu, "unudulmaz görüşlər"in canlı təəssüratından kənara çıxmamağı diktə edir...
İlk görüş barədə Anar yazır: "Heydər Əliyevlə bağlı ilk qiyabi "təmas" onun 1971-ci ildə Mərkəzi Komitənin Oktyabr Plenumundakı məruzəsində "Qobustan" toplusu haqqında dediyi tənqidi fikirlərdən başladı. Onda şəxsən tanış deyildik və mən bu iclasda da iştirak etmirdim. O vaxt Moskvada Rejissor emalatxanasında təhsil alırdım..." (s. 46)
Bu isə artıq ayrı epoxanın əhvalatıdır: "Çox-çox illər sonra bir çox başqa məsələlər kimi, bu məqamı da daha dərindən dərk etdim. Bu barədə ən etibarlı məxəz isə Heydər Əliyevin müstəqillik dövründə dediyi sözlər idi... "Məsələn, mən "Qobustan" jurnalını xatırlayıram. O yarananda əleyhinə nə qədər cürbəcür hərəkətlər oldu. Mənim xatirimdədir, biri gəlirdi ki, nə bilim, millətçilik ideyaları yayır, biri gəlirdi ki, bizim quruluşun əleyhinə ideyalar yayır, biri o tərəfdən, biri bu biri tərəfdən gəlirdi. Mən də götürürdüm, baxırdım bu "Qobustan" jurnalına, görürdüm ki, bunların dedikləri şey yoxdur, amma bizim üçün lazım olan şeylər çoxdur. Ona görə də, "Qobustan" jurnalı yaşadı. Bu gün məmnuniyyət hissi ilə deyirəm ki, "Qobustan" jurnalı o vaxt çox böyük işlər gördü..." (s.47)
Dövlət başçısı, ictimai-siyasi xadim olaraq, Heydər Əliyev Ədəbiyyatdan nə istəyir? Onu ki: Ədəbiyyat dağıdıcığılığa yox, quruculuğa xidmət etməlidir; bu, hər şeydən öncə onun ideoloji missiyasıdır. Heydər Əliyev ideologiyanın gücünə hədsiz önəm verir, ona öz statusunda yanaşa bilir və o da heyrətamizdir ki: bir zamanlar bizə yabançı olan kommunist ideologiyasını da, müstəqil Dövlətimizin rəsmi ideologiyası kimi bəyan elədiyi Azərbaycançılığı da eyni şiddətlə milli mənafelərə kökləyə, səfərbər edə, işlədə bilir.
"Unudulmaz görüşlər" şahidlik edir: "Respublika partiya təşkilatının rəhbəri kimi ən yüksək instansiyalardan gələn siqnallara reaksiya verməli olduğu üçün "Qobustan"ı yüngülvari tənqid etdi, amma Azərbaycan vətənpərvəri kimi toplunu dağılmağa qoymadı. Müstəqillik dövründə "Qobustan yaşadı" sözlərini deməyə onu sovet dövründə bağlanmağa qoymayan rəhbərin tam mənəvi haqqı vardı... Bu Plenumdan sonra "Qobustan" nəinki bağlanmadı, ona əlavə ştatlar və Teatr Cəmiyyətində iki iş otağı ayrıldı, Mədəniyyət Nazirliyinin nəşri kimi statusu müəyyənləşdirildi, mətbəələrə vaxtlı-vaxtında çıxması üçün göstərişlər verildi..." (s.47-48)
Amma bizim yazarların, sənətçilərin naxışı həm də onda gətirmişdi ki: Heydər Əliyev bir fərd, İnsan olaraq da Ədəbiyyatı sevirdi; hansı ədəbiyyatın dövrü, zamanı nə qədər ifadə-təmin etməsini yaxşı bilirdi; üstəlik, müasiri olduğu yazıçılara, sənətçilərə şəxsən münasibəti vardı. Odur ki, əsərdə Respublika başçısının həm bütövlükdə yazıçılarla, sənətçilərlə, həm də bir çoxu ilə ayrı-ayrılıqda əlaqə və görüşləri, fərdi və fərqli rəftarı diqqət çəkir. "Unudulmaz görüşlər" memuar olaraq vardığı bu nöqtələrdə əvəzsizdir.
Əsərdə(n) nə qədər personajlar, adlar keçir: Süleyman Rüstəm, Mirzə İbrahimov, Rəsul Rza, Nigar Rəfibəyli, Mirvarid Dilbazi, İmran Qasımov, Bəxtiyar Vahabzadə, Xəlil Rza, Məmməd Araz, Balaş Azəroğlu, İsmayıl Şıxlı, Nəbi Xəzri, Qabil, Cabir Novruz, Tofiq Bayram, Mədinə Gülgün, Hüseyn Abbaszadə, Sabir Əhmədov, Yusif Səmədoğlu, Əkrəm Əylisli, Anar, Elçin, Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov, İsi Məlikzadə, Fikrət Qoca, Vaqif Səmədoğlu, Fikrət Sadıq, İsa İsmayılzadə, Araz Dadaşzadə, Altay Məmmədov, Bəkir Nəbiyev, Şamil Salmanov, Gülrux Əlibəyli, Mövlud Süleymanlı, Sabir Rüstəmxanlı, Zəlimxan Yaqub, Abbas Abdulla, Ayaz Vəfalı, Ramiz Rövşən, Vaqif Cəbrayılzadə, Elmira Axundova, Rafael Hüseynov, Çingiz Abdullayev, Arif Əmrahoğlu, Nizami Cəfərov, Vaqif Yusifli, Rüstəm Behrudi, Nizami Aydın, Dəyanət Osmanlı, İlqar İlkin... Hələ digər sənətçilərin: musiqiçilər, bəstəkarlar, rəssamların, Dövlət məmurları və partiya funksionerlərinin adını mən qəsdən burda sadalamıram; sırf Ədəbiyyata lap yaxından diqqət cəlb etmək üçün.
1960-1980-ci illər ədəbiyyatının oluşduğu heç də asan olmayan mühitin realiyaları var "Unudulmaz görüşlər"də; rejim və Ədəbiyyat münasibətlərinin gərginliyi duyulur əsərdən; ən nəhayət: 60-cıların bir nəsil olaraq bütöv obrazını tapırıq burda... Bu həmin dövrdür ki: sovet avtoritarizm əxlaqı daha əvvəlki nəsil "yazıçıları"nın timsalında az qala "ayaqqabı yalamaq" səviyyəsinəcən çürümüşdür: "Bu zaman iki hadisə baş verdi. Onlardan birincisi bugünkü görüşün ən iyrənc səhnələrindən idi. Orta yaşlı nasirlərdən biri Heydər Əliyevin yanına gəlib: - İcazə verin, mən sizin ayaqqabılarınızdan öpüm - dedi - Əkrəm Əylislini yaxşı oturtdunuz yerində..." - söhbət 1981-ci il Şüvəlanda Yazıçıların Yaradıcılıq Evinin açılışından gedir, - "...Ən dəhşətlisi o idi ki, adam, doğrudan da, Əliyevin çəkmələrinə tərəf əyilmək istəyirdi. Əliyev iyrənə-iyrənə kənara çəkildi: - Bu nədir belə? - dedi. - Özünüzü belə aparsanız, mən bir daha heç vaxt sizinlə görüşmərəm..." (s.57)
Bu o dövrdür ki, həqiqəti demək, Yazıçıdan həqiqətən də hünər istəyirdi; həm də bu zaman 60-cıların hər birinin öz dəst-xətti, "ədəbi siyasəti" vardı: "Əkrəm dolaşıq, pərakəndə danışırdısa da, bir fikrini çox dürüst ifadə etdi, dedi ki, partiyanı mədh eləyən yazıçılara, şairlərə şübhəylə yanaşmaq lazımdır..."; üstəlik, Sözünün arxasında durmaq üçün yazıçıya böyük güc-iqtidar gərəkirdi: "...Şüvəlan görüşündən sonra mənə də, hamıya da aydın oldu ki, Heydər Əliyevin Əkrəmə nə isə xüsusi münasibəti var. O şeyləri ki, Əkrəmçün keçdi, ayrı heç kəsə bağışlamazdı..." (s.55-56)
Bu o dövrdür ki, hələ yazıçılar "ümumi ədəbi iş" uğrunda tarana gedir, bir nöqtəyə vura bilirdilər. Anarın 1983-cü il qeydi: "Amma indi, iki il keçəndən sonra mən Əkrəmin Şüvəlandakı uğursuz və xeyirsiz çıxışı haqqında düşünəndə təəssüf hissi deyil, qürur hissi keçirirəm. Doğrudur, yersiz çıxış idi, doğrudur, bu çıxışın ümumi ədəbi işimizə ancaq zərəri dəydi, amma nə olursa-olsun, bu çıxış vicdanlı adamın, namuslu ziyalının çıxışı idi, cümlələri nə qədər qarışıq olsa da, yazıçıların Şüvəlan məclisində yeganə Yazıçı sözü idi..." (s. 56)
"Unudulmaz görüşlər" bir yandan, məhz bizim milli 60-cıları yetirən "Ədəbiyyatda Heydər Əliyev epoxası"nın xarakterini açırsa, digər tərəfdən 60-cıların özünün heyrətamiz birliyinə-bütövlüyünə diqqət çəkir. Bugün bəlkə də paradoksal görünəcək qədər maraqlı situasiyadır; bir yandan, az qala həqiqətən də ortada o zamankı ictimai-siyasi doktrinaya qarşı dura biləcək bir Ədəbiyyat var, Ədəbiyyat mövqeyi var: "Heydər Əliyevin səbri tükənirdi. Hiss olunurdu ki, özünü güclə saxlayır. Əkrəmin ünvanına bir neçə sərt söz dedi. Salondakılar əl çalmağa başladılar. Əliyevin baxışını tutdum, əl çalmadığımı görmüşdü və odur ki, Əkrəmə:
- Sən də, sənə rəğbət bəsləyənlər də bilin ki, biz yazıçılar arasında münasibətləri gərginləşdirmək istəmirik - dedi. - Biz istəyirik ki, sən jurnalda işini davam etdirəsən..."(s.56)
Digər tərəfdən, axı həmin Ədəbiyyatı himayə edən-dəstəkləyən, qorumağa çalışan da sanki eyni instansiyadır; o zaman İdeologiya üzrə katib Həsən Həsənovun Anara dediklərindən: "Qurultayda yaxşı danışdın - dedi - doğrudur, bu çıxış ədəbiyyatın vəziyyətinin obyektiv təhlilindən daha artıq sənin özünün ədəbiyyata baxışlarının ifadəsi idi. Amma sənə deməliyəm ki, Heydər Əliyeviç səni çox yüksək qiymətləndirir, belə lap yüksək. Açığı, Heydər Əliyeviç də, mən də istəyirdik ki, İttifaqın rəhbəri sən olasan, amma ağsaqqallar hamısı bir ağızdan sənin əleyhinə oldular..." (s. 66)
Ölkə başçısı bir Ədəbiyyat hərəkatı olaraq 60-cıların liderliyinə kimin nə qədər şansı olduğunu yaxşı bilir: "Bu günlər mən bir çox yazıçılarla söhbət etmişəm. O cümlədən Sizin barənizdə də... Onların sizə münasibəti müxtəlifdir, amma hətta sizin və atanızın bədxahları da etiraf edirlər ki, siz ciddi yazıçısınız, geniş biliyə maliksiniz, iki dili də mükəmməl bilirsiniz..." (s. 62) Odur ki, istər təklikdə söhbətində bunu hədəfə alır: "Amma, hər halda, bir partiya işçisi kimi, bir ata kimi sizə tövsiyə edirəm ki, irimiqyaslı əsər yaradasınız, bizim bugünkü həyatımızı əks etdirən bir əsər. Qoy orda neqativ hallara qarşı mübarizə də olsun, amma eyni zamanda bizim əxlaq prinsiplərimizi, ideyalarımızı aydın, fəal təsdiq də olsun... " (s. 62)
İstərsə də qurultay səviyyəsində, açıq polemikaya girərək Anarın "gənclərin səhv etmək səlahiyyəti" barəsində fikrinə düzəlişlər edir:
"Heydər Əliyev: Amma sən belə dedin ki, əgər o, səhv etməsə, cavan olmaz ki, o, yetişmişdir. Səhv etmək qətiyyən mütləq olmalı şey deyil.
Anar: Şübhəsiz.
Heydər Əliyev: Səhv ola bilər. Ancaq o cavan, o gənc ki, dünyanı əvvəldən düzgün mövqelərdə başa düşür, o ya səhv etmir, ya da az səhv edir. Səhv etmək, şübhəsiz ki, bizim həyatın dialektik qanunudur. Bu aydındır, bunu heç kəs inkar etməməlidir. Amma nə qədər çalışsaq ki, bizim gənclər öz yüksək istedadlarını düz istiqamətdə inkişaf etdirsinlər, o qədər gənclər mətləbə tez çatar. Elədirmi?
Anar: Doğrudur. Mən yenə də bunu təkrarlamaq istəyirəm ki, səhv edəndə biz onu səhvinə görə başından vurmayaq. Sizin dediyiniz sözdür.
Heydər Əliyev: Bəli, mən dediyim sözdür. Səhvinə görə başından vurmayaq, qətiyyən. Amma səhvi düzəldək.
Anar: Doğrudur" (s. 60)
Belə görünür ki, ümummilli lider Heydər Əliyev yazıçını siyasi rejimdən də əvvəl, hələ öz ictimai əhatəsindən qorumağa çalışır; yenə Şüvəlan görüşündən fraqment: "...Sonra ikinci hadisə baş verdi. Heydər Əliyev kənarda dayanmış Əkrəmi gördü, onu yanına çağırdı. Mən aralı dayanmışdım, nə danışdıqlarını eşitmirdim, amma gördüm ki, Əkrəmə gülə-gülə əl uzatdı, sonra qucaqlaşıb öpüşdülər..." (s.57)
Hətta bir az da məğzinə varanda bəlkə daha da çox yazıçını özündən-sözündən-həqiqətindən qoruyurdu; daha bir "unudulmaz görüş", 1999-cu il, Rüstəm İbrahimbəyovun 60 illik yubileyində Heydər Əliyev özü bunu belə yada salır: "Moskvada bir jurnalist məndən müsahibə götürərkən Azərbaycana rəhbərlik etdiyim zamandan danışırdıq. Mənə sual verdi ki, sizdə, Azərbaycanda o vaxt dissident var idi, yoxsa yox idi? Dedim ki, yox idi. Dedi, nə üçün? Dedim ki, biz dissident axtarmırdıq. Təbiidir ki, əgər axtarsaydıq, çox dissident çıxarmaq olardı. Məsələn, əgər o illər, 60-70-ci illərdə Azərbaycanda dissident axtarsaydıq, onlar çox idi. Ən böyük dissident Bəxtiyar Vahabzadə idi. Hətta mənim xatirimdədir, mən Təhlükəsizlik Nazirliyində işləyən zaman onun həbs olunması məsələsi qoyulmuşdu. Yaxud da ki, Xəlil Rza ən böyük dissidentlərdən biri idi. Çünki onun əsərləri, o cümlədən Bəxtiyar Vahabzadənin əsərləri həqiqəti deyirdi. Amma bu həqiqət o vaxtkı kommunist ideologiyasına zidd idi və buna görə də onlar dissident idilər. Ancaq biz Xəlil Rzanı da qoruduq, saxladıq. Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov əsl dissident idilər. Ancaq biz qoymadıq ki, onlar dissident olsunlar. Bəlkə də onlar indi heyifsilənirlər ki, o vaxt Əliyev qoysaydı və biz dissident olsaydıq, indi bəlkə hörmətimiz daha da artıq olardı. Yaxud götürək Anarı. O da dissident idi..." (s. 48-49)
"Unudulmaz görüşlər" necə dissident olub-ola bilməməyin sirlərindən də söz açıb-danışır; Heydər Əliyev müdrikdir, Heydər Əliyev qadirdir, Anarın yazdığı kimi: o, "Qalib gəldi, qalib getdi" bu dünyadan...