Ötən il dekabr ayında yazıçı-filosof Əlisa Nicatın maddi durumu sosial şəbəkədə müzakirə olunan mövzulardan idi.
Belə ki, tədbirlərin birində evinin soyuq olduğunu, mənzili isitmək üçün qaz pulunu çatdıra bilmədiyini deyən yazıçının xüsusi imtiyazlara malik olmaması sosial şəbəkə istifadəçiləri tərəfindən qınanılırdı.
Bundan sonra yazıçının yaşayış şəraitinin yaxşılaşdırılması məqsədilə yardım kampaniyasına başlanılıb. 1970-ci ildən Azərbaycan Yazıçılar Birliyinin üzvü olan və qurumdan heç vaxt təqaüd almayan yazıçının hesabına yardım çərçivəsində pul toplanıb.
Bəzi şirkətlər də açıqlamalarında yazıçıya müəyyən yardımlar edəcəklərini bildiriblər. Bu barədə yazıçının durumuyla bağlı müzakirə açan “Qanun” nəşriyyatının rəhbəri Şahbaz Xuduoğlu məlumat yayıb.
Naşir “İrşad Elektronics” şirkətinin yazıçının istilik sisteminin çəkilişini öz üzərinə götürdüyünü, istilik sistemi üçün lazım olan bütün xərcləri ödədiklərini bildirib. O, “Baku Electronics”dən də zəng edərək, istilik sistemini quraşdırmağı təklif etdiklərini, lakin o işi başqa şirkət öz üzərinə götürdüyü üçün yazıçını soyuducu, elektron soba və ya başqa mebellə təmin edə biləcəklərini təklif edib.