Ötən həftə “Heydər Əliyev ili” çərçivəsində Masallıda millət vəkilləri və jurnalistlərin iştirakı ilə “Heydər Əliyev və media” adlı konfrans və media-tur təşkil olunmuşdu. Həmkarımız Cəfər Cəfərovun təşəbbüsü ilə təşkil olunan media-tur həm ulu öndər Heydər Əliyevin milli medianın inkişafında atdığı addımları xatırlamaq və keçmiş təcrübə üzərindən gələcək fəaliyyət prioritetlərini müəyyənləşdirmək, həm medianın regionlara diqqəti, həm də regionlardakı mövcud vəziyyəti yerində müşahidə etmək baxımından əhəmiyyətli tədbir idi.
Müşahidələrimiz Masallanın respublikamızın inkişaf edən bölgələrindən olduğunu deməyə əsas verir. İstər abadlığı, istər müasir infrastrukturu, istərsə də rayonda əhalinin həyat səviyyəsinin yüksək olması baxımından diqqəti cəlb edir. Rayonun bu qədər inkişafına səbəb təbii ki, Prezident İlham Əliyevin regionlara verdiyi diqqətdir.
Eyni zamanda, Masallı rayonunun rəhbərliyinin dövlət başçısının bu siyasətini uğurla icra etməsi gördüyümüz müsbət mənzərənin ortaya çıxması ilə nəticələnib.


Bir məqamı da xüsusi vurğulamaq yerinə düşər. Söhbət Masallı rayonundan deputat seçilmiş Məşhur Məmmədovun fəaliyyətidir. Sirr deyil ki, deputatların hamısı seçildikləri bölgəyə diqqət yetirmir, belə demək mümkünsə, seçicilərin görüşünə seçkidən seçkidə gedirlər. Məşhur Məmmədov isə bu məsələdə əsl örnək hesab edilə bilər. Özü Masallı rayonunun Yeddioymaq kəndində doğulan Məşhur Məmmədov rayonun inkişafından tutmuş, əhalinin problemlərinin həllinə qədər bütün işlərdə yaxından iştirak edir.
Rayon sakinləri ilə söhbət zamanı məlum oldu ki, Masallı camaatı Məşhur Məmmədovu xeyirxah adam kimi tanıyır və bu da səbəbsiz deyil.

Öyrəndik ki, Məşhur Məmmədov deputat seçildikdən sonra Masallı şəhərinin mərkəzində 2 ikimərtəbəli müasir uşaq baxçası inşa etdirib. Bununla yanaşı, deputat rayonda Azərbaycan Stolüstü Tennis Feserasiyasının inzibati binasını da tikdirib, yaxında binanın açılışı planlaşdırılır.
Deputat Məşhur Məmmədov Masallıda təhsilə, aztəminatlı ailələrə, o cümlədən, şəhid ailələrinə və qazilərə xüsusi diqqət ayırır.




