Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə sanitariya-gigiyena qaydalarının pozulması hallarının qarşısının alınması məqsədilə tədbirləri davam etdirir.
DİN-dən Pravda.az-a verilən məlumata görə, yanvar-fevral ayları ərzində Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu ərazisində keçirilən növbəti belə tədbirlər zamanı Qaradağ rayonu ərazisində “Kamaz” markalı iki yük avtomobilindən bərk tullantıların boşaldılması və qalaqlanması, Suraxanı rayonu Zığ şossesi yaxınlığında, Abşeron rayonunun Hökməli və Qobu qəsəbələri ərazilərində, Sumqayıt şəhərində fəaliyyət göstərən istehsalat obyektində istehsalat, məişət və digər qarışıq tullantıların qalaqlanması, Səbail rayonunun Yubiley küçəsində 2 ağacın məhv edilməsi, Sumqayıt şəhəri və Abşeron rayonu Ceyranbatan qəsəbəsi ərazilərində isə heyvandarlıq təsərrüfatlarının fəaliyyəti zamanı yaranan çirkab sularının təmizlənmədən Samur-Abşeron magistral kanalına axıdılması faktları aşkar olunub.