Bəzi yerlərdə azyaşlıların yas mərasimlərə qatılması cəmiyyətdə birmənalı qarşılanmır. Maraqlıdır, uşaqların bu cür tədbirlərə qatılması onların psixologiyası baxımından nə dərəcədə düzgündür? Bunun uşaqların gələcəyi, onların psixologiyasının normal inkişafı baxımından hansısa fəsadı ola bilərmi? Ümumiyyətlə yaxınların ölümünü azyaşlılara hansı formada deməliyik? Onlara neçə yaşdan sonra ölümü başa sala bilərik? Mövzu ilə bağlı Yenisabah.az-a danışan psixoloq Samirə Bağırova bildirib ki, 3 yaşından böyük uşaqlara ölümü sadə dillə izah etmək olar. Lakin Azərbaycanda keçirilən yas mərasimlərində bəzən isterik hallar yaşanır və bu azyaşlılarda travma yaratdığı üçün ehtiyatlı olmaq lazımdır:
“Üç yaşından kiçik uşaqlar ölüm anlayışını dərk etmirlər. Üç yaş üstü əgər ailə içində ölüm baş verirsə nənə, baba və s. valideyinlər bunu uşağa necə izah etməkdə çətinlik çəkirlər. Dini və etik aspektlərə görə uşaq dini mərasimdə iştirak edə bilər. Amma nəzərəalsaq ki, bizim dəfn mərasimlərində saç yolma, üz cırma, tabuta hücum kimi hallar yaşanır, o zaman bilməliyik ki, bu, uşaqda dərin travma yaradır. Nəticədə ölüm dəhşət, sarsıntı, qorxu kimi şüuraltına yeriyərək reallığı qəbullanmaqda fəsadlar törədir.
Bu uşaqlar gələcəkdə itki ilə, ayrılıqla baş etməyi bacarmır. Ölümü qəbullanmır və ölüm qorxusu ilə yaşayır. Əslində bu məsələdə azərbaycanlı psixoloqlar özləri də tam əmin deyillər ki, uşaq hansı yaşda iştirak etməlidir, yaxud ümumiyyətlə, iştirakı vacibdirmi?