Dövlət Gömrük Komitəsinin Aksizli mallar üzrə Baş Gömrük İdarəsinin rəisi, general Vəzir Həsənov və bacanağı İnqilab Əliyevə qarşı dələduzluq edilib.
Pravda.az lent.az-a istinadən xəbər verir ki, külli miqdar təşkil edən dələduzluğa görə Vladimir Müslümov ittiham olunur.
İttihama görə, Vladimir Müslümov özünü tikinti fəaliyyəti ilə məşğul olan iş adamı kimi təqdim edərək zərərçəkmiş şəxslərə ucuz qiymətə ev satacağını vəd edib. Razılaşmaya əsasən Vəzir Həsənov 4 otaqlı ev almaq üçün 391 min 754 manat verib. Vladimir Müslümov isə pulu aldıqdan sonra vədinə əməl etməyib.
General və bacanağının şikayəti əsasında Vladimir Müslümov həbs olunub.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq-külli miqdarda törədildikdə) maddəsi ilə ittiham irəli sürülüb.
Hazırda iş Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə araşdırılır.