Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva cinayət əməlində ittiham olunur. İddialara görə o, bir neçə dövlət qurumu ilə iş birliyinə keçərək, iki il əvvəl dünyasını dəyişən 1932-ci il təvəllüdlü Miriyeva Rəvayət Kərim qızının ölüm faktını gizlədib və mərhumun təqaüd kartına sahiblənib.
Maraqlı məqamlardan biri isə bələdiyyə sədri tərəfindən 17.03.2023-cü il tarixdə mərhumun saxta “Ölüm haqqında tibbi şəhadətnamə”sinin rəsmi arayışla hazırlanmasıdır.
Aygün Mirzəyevanın əməlləri ilə bağlı Bizim.Media-ya danışan və adının açıqlanmasını istəməyən mənbənin sözlərinə görə məsələ ilə əlaqədar Lənkəran rayon prokurorluğunda araşdırma başlayıb.
Mənbə bildirir ki, Lənkəran şəhər sakini, S.Vurğun küçəsi ev 38-də daimi qeydiyyatda olan və yaşayan Miriyeva Rəvayət 07.02.2021-ci ildə pandemiya zamanı ev şəraitində vəfat edib.
Mərhumu Lənkəranda “Böyük bazar” qəbiristanlığında, həyat yoldaşının yanında dəfn ediblər. Mənbə mərhumun məzar daşı ilə bağlı fotofaktı da saytımıza təqdim edib.
İddialara görə mərhumun ailəsini belə bir cinayətə Lənkəran şəhər bələdiyyə sədri Aygün Mirzəyeva öz şəxsi maraqları üçün təşviq edib.
Belə ki, bələdiyyə sədrinin anası Sevil Mirzəyeva mərhumun nəvəsi Sadıqova Rəksanəyə uzun müddət imiş sələmə pul verib, qarşı tərəf isə vaxtlı-vaxtında pulu ödəyə bilməyib. İddialara görə, Aygün Mirzəyeva anasına olan borcun ödənilməsi üçün ölüm faktını gizli saxlayıb. Bunun üçün mərhumun təqaüd aldığı bank kartını nəvəsindən alaraq anasına verib. Beləliklə iki il ərzində mərhumun təqaüdü bələdiyyə sədrinin anası tərəfindən mənimsənilib.
Ölüm faktını bilərək gizlədən və dövlətin vəsaitinin qeyri-qanuni yolla əldə olunmasına şərait yaradan Lənkəran bələdiyyəsinin sədrinin iki il sonra saxta arayışla ölüm faktını rəsmiləşdirmək istəyinin arxasındakı məqamlara yəqin ki, aidiyyəti qurumlar aydınlıq gətirəcəklər.

