BURADA REKLAMINIZ OLA
BİLƏR

"Paşinyan Qarabağ ermənilərini ölümə göndərir" - Elman Nəsirov

“Bütün dünya koronavirus pandemiyasının əsarətində olduğu, ona qarşı mübarizənin aparıldığı bir reallıqda Ermənistan dövləti martın 31-də növbəti təxribatçı addıma imza atdı. Bu addımı ilə bəşəriyyətin mübarizə prosesində yeganə ölkə oldu ki, həm Ümumdünya Səhiyyə Təşkilatının bütün tövsiyələrini, həm də beynəlxalq hüquq normalarını pozdu”.

Pravda.az-ın xəbərinə görə, bunu Milli Məclisin deputatı Elman Nəsirov deyib.

Deputatın sözlərinə görə, Ümumdünya Səhiyyə Təşkilatı pandemiyanın dünyada tüğyan etdiyi bir vaxtda bir araya toplaşmağı və ya kütləvi tədbirləri qeyri-məqbul sayır: “İndiki reallıqda kütləvi tədbirlərin keçirilməsi, ilk növbədə, insanların səhhəti üçün böyük təhlükədir. Ermənistan dövləti də martın 31-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində saxta seçkilərə imza atmaqla, yenə də beynəlxalq hüquq normalarına olan sayğısız münasibətini ortaya qoydu. Bununla eyni zamanda, Qarabağdakı etnik ermənilər necə münasibət bəslədiyini, onları necə təhlükə qarşısında qoyduğunu göstərmiş oldu. Hesab edirəm ki, bu “seçkilər” Ermənistan dövlətinin növbəti avantürasıdır. Ermənistanın baş naziri qondarma rejimdə öz mövqeyini gücləndirmək üçün devirdiyi qüvvələrin oradakı adamları və onlara yaxın olan siyasi qruplaşmaları “hakimiyyətdən” uzaqlaşdırmaq üçün, belə bir dönəmdətəxribatçı addımlar atır. Bununla yalnız öz hakimiyyətini gücləndirməyə, eyni zamanda da, beynəlxalq aləmdə bu qondarma rejimin tanınmasına nail olmağa çalışır. Bu, Ermənistan rəhbərliyinin əsas hədəfidir”.

E.Nəsirov qeyd edib ki, Ermənistan rəhbərliyinin səylərinə baxmayaraq, beynəlxalq təşkilatlar bu “seçki proses”ində müşahidəçi qismində iştirak etmədi: “Hesab edirəm ki, “seçkilərin" ikinci turunu keçirmək beynəlxalq birliyin analoji reaksiyasına qarşıdır. Çünki heç bir dövlət, heç bir beynəlxalq təşkilat qondarma rejimin bu “seçkilərini” tanımadı. Bununla da, növbəti dəfə Azərbaycanın ərazi bütövlüyünü tanımış oldular. Bütün dünya çox gözəl başa düşür ki, Azərbaycanın münaqişənin həlli ilə bağlı böyük üstünlükləri var. Azərbaycanın ilk növbədə, münaqişənin həll prosesində siyasi üstünlüyü mövcuddur. Bu gün nəinki dünya dövlətləri, heç Ermənistanın özü Azərbaycan ərazilərində yaratdığı qondarma rejimin “müstəqilliyini” tanıya bilmir. Diplomatik üstünlüymüzə gəlincə, bu günədək qondarma rejim adına keçirilən bütün “seçkilər” beynəlxalq aləm tərəfindən sərt reaksiya ilə qarşılanıb, nəticələr tanınmayıb”.

Deputat bildirib ki, Aprel döyüşləri və bundan sonra Naxçıvanın bir sıra ərazilərinin işğaldan azad edilməsi bizim hərbi gücümüzü də dünyaya nümayiş etdirdi: “Azərbaycan istər diplomatik, istərsə də hərbi olsun – bütün parametrlər üzrə Ermənistanı üstələyən bir dövlətdir. Habelə, dünyanın pandemiya təhdidi altında olduğu bir vaxtda, beynəlxalq ictimaiyyət Ermənistan dövlətinin etnik erməniləri hansı təhlükənin qarşısında qoyduğunun şahidi oldu. Hesab edirəm ki, onların “ikinci tur” cəhdləri də uğursuz olacaq. Dünya Azərbaycanın tanıyır, cənab İlham Əliyevin münaqişənin həlli ilə bağlı qətiyyətli mövqeyini müdafiə edir”.

Əlavə edək ki, aprelin 14-də Azərbaycanın işğal edilmiş Dağlıq Qarabağ bölgəsində keçirilən qondarma seçkilərin ikinci turu keçiriləcək. “Birinci tur” martın 31-də baş tutub.Teleqraf.com


Tarix: 13 Aprel 2020, 20:29   
Xəbər lenti
Çox oxunanlar

Ən son xəbərləri səhifəmizdən də izləyin