Bakıda hədə-qorxu ilə tələb etmədə təqsirləndirilən prodüser Təranə Səmədova və onun həyat yoldaşı Rasim Həsənovun cinayət işinin bəzi detalları məlum olub.
Pravda.az-ın məlumatına görə, istintaq materiallarında qeyd olunub ki, onlar qabaqcadan əlbir olaraq hədə-qorxu gələrək vətəndaşdan pul tələb ediblər.
Aparılan istintaq zamanı müəyyən olunub ki, T.Səmədova qeyri-rəsmi ər-arvad kimi yaşadığı R.Həsənovla birgə Altay Səfirovun (ad, soyadı şərtidir) fotoşəkillərini əldə edib. Daha sonra həmin şəxslər fotoşəkilləri Altayın ailə üzvlərinə göstərməklə, yaşadığı məhəllədə yaymaqla, o, cümlədən instaqram və digər sosial şəbəkələrində yerləşdirməklə hədələyib. Bu yolla T.Səmədovla R.Həsənov ondan 3 min manat tələb edib.