Ali Məhkəmədə Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli Gəmilərə Nəzarət və Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi olmuş Rövşən Tahirovun (şərti) barəsindəki hökmdən verilən kassasiya şikayətinə baxılıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin Rəcəbovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, onun kassasiya şikayəti təmin edilib. Belə ki, Bakı Apellyasiya Məhkəməsinin 06 iyul 2022-ci il tarixli qərarı ləğv olunub, cinayət işi apellyasiya instansiyası məhkəməsində yeni məhkəmə baxışına təyin edilib.
İttihama görə, Rövşən Tahirov Fövqəladə Hallar Nazirliyinin Kiçik həcmli Gəmilərə Nəzarət və Xidmətinin Çimərliklərin istismarına nəzarət şöbəsinin rəisi vəzifəsində çalışıb. O, 2021-ci il tarixədək həmin vəzifədə işləyərkən öz qulluq mövqeyindən istifadə edərək aldatma və etibardan sui-istifadə yolu ilə özgə əmlakını dələduzluq yolu ilə ələ keçirib.