Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası (AHİK) tərəfindən 28 Aprel - Ümumdünya Əməyin Mühafizəsi Gününə həsr olunan “Sağlam və təhlükəsiz əmək şəraitinin yaradılması üzrə 2022-ci ilinən yaxşı müəssisəsi (təşkilatı)” respublika müsabiqəsinin qaliblərinin mükafatlandırılması mərasimi keçirilib.
Pravda.az xəbər verir ki, Beynəlxalq Əmək Təşkilatı (BƏT) tərəfindən müəyyən olunmuş 2023-ci ildə Ümumdünya Əməyin Mühafizəsi Günü - “Əmək sferasında sağlam və təhlükəsiz əmək şəraiti əsas prinsip və hüquq kimi” devizi altında baş tutan tədbirdə AHİK sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini Anar Əliyev, Azərbaycan Respublikası Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) prezidenti Məmməd Musayev, Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyəti sədrinin birinci müavini Natiq Həsənov, BƏT-nin Azərbaycan üzrə əlaqələndiricisi Yaşar Həzəyev, AHİK-in üzv və tabe təşkilatlarının sədrləri, müsabiqədə qalib olmuş müəssisələrin rəhbərləri, KİV nümayəndələri və digər şəxslər iştirak ediblər.
Tədbirdə çıxış edən Səttar Möhbalıyev öncə Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən, dövlət quruculuğu siyasətindən, xilaskarlıq missiyasından, həmçinin dövlətimizin başçısı cənab İlham Əliyevin rəhbərliyi ilə ölkəmizin əldə etdiyi nailiyyətlərdən, iqtisadi qüdrətindən, uğurlu beynəlxalq siyasətindən danışıb.
Sonra AHİK sədri bildirib ki, 2022-ci il ərzində həmkarlar ittifaqlarının texniki əmək müfəttişləri əməyin mühafizəsi üzrə ictimai müvəkkillərlə birlikdə 313 müəssisə və təşkilatda ictimai müayinə həyata keçirib, 1212 pozuntu aşkar edib, onların 89 %-nin aradan qaldırılmasına nail olunub: “Nəticədə 39 texnoloji avadanlıq və dəzgah təhlükəsizlik norma və qaydalarına uyğun vəziyyətə gətirilib, 251 nəfərin iş şəraiti yaxşılaşdırılıb. Həmkarlar ittifaqlarının xidmət dairəsinə daxil olan müəssisələrdə il ərzində xəsarət alanların sayı 31% azalaraq 126 nəfərdən 88 nəfərədək enib, bədbəxt hadisədən ölənlərin sayı isə 17 nəfərdən 18 nəfərədək artıb. Əməyin mühafizəsinə dair tədbirlərin həyata keçirilməsinə ayrılan vəsaitin düzgün və məqsədyönlü xərclənməsinə sahə həmkarlar ittifaqı komitələrinin texniki əmək müfəttişləri və əməyin mühafizəsi komissiyaları tərəfindən həyata keçirilən ictimai nəzarət sayəsində 349 tədbir keçirilib, attestasiya olunmuş iş yerlərinin sayı 90 %-ə, tibbi müayinədən keçirilən işçilərin sayı isə 92 %-ə çatdırılıb. Əməyin mühafizəsi sahəsində təbliğat işinin daha yaxşı təşkil edilməsi məqsədi ilə yeni 7 əməyin mühafizəsi kabineti və 73 güşə yaradılıb, bununla da kabinetlərin sayı 37-ə, guşələrin sayı isə 710-a çatdırılıb. Bütün bu tədbirlərin keçirilməsinə baxmayaraq, müəssisələrdə əməyin mühafizəsinə ayrılan maliyyə vəsaiti əvvəlki müvafiq dövrlə müqayisədə 9.5 %, hər işçiyə görə isə 11.3 % azalıb”.
Səttar Möhbalıyev deyib ki, BƏT-nin məlumatına görə, hər il istehsalatda 2 - 2,3 milyon insan həyatını itirir. Onlardan 300 000 nəfəri istehsalat xəsarətləri nəticəsində, 1,7 - 2 milyon nəfəri isə müxtəlif peşə xəstəliklərdən ölür.