Azərbaycanda iri marketlər şəbəkəsinin birində yüksək vəzifədə çalışan şəxs elektron sisteminə daxil olaraq, orada müştərilər tərəfindən alınmış qəbzlərin elektron versiyasının fiskal kodlarından icazəsiz istifadə etməklə ümumilikdə 18799,29 manat dəyərində ƏDV geri alıb. Qaynarinfo-nun məlumatına görə, 1988-ci ildə Masallı rayonunda doğulmuş Elnur (şərti) 2016-cı ildən 2022-ci ilin sentyabr ayına kimi sözügedən marketlər şəbəkəsində şöbə müdiri, mağaza meniceri vəzifəsində çalışıb.
Elnur icraçı direktoru olduğu mağazaya məxsus kompüteri yaşadığı Xırdalan şəhərində olan mənzilə aparıb. Kompüter sisteminə daxil olaraq orada işlədiyi mağazadan alış-veriş çeklərinin sistemdə olduğunu görüb və istifadə müddətinə 1-2 gün qalmış, yəni 88 günü tamam olmuş qəbzləri və həmçinin zibillikdən götürdüyü qəbzləri Vergilər Nazirliyinin elektron səhifəsində "ƏDV Gerial" portalında qeydiyyatdan keçirib.