Hakim komandada çoxdan anons edilən dəyişikliklər bir-birinin ardınca gerçəkləşir. Xüsusilə son illər geniş vüsət alan iqtisadi islahatlar fonunda iqtidar komandasında baş verən keyfiyyət dəyişiklikləri diqqətdən kənarda qalmayıb. Hakim elitanın dəyişməsi və yenilənməsi fonunda cərəyan edən proseslər daha çox “köhnə qvardiya”nın sıradan çıxarılması ilə müşayiət olunur. Yenisabah.az bildirir ki, “qocalar”dan qurtulmaq prosesi bundan sonra da davam edəcək. Çoxillik staja malik olan nazirlərin, uzun illərdən bəri oturduqları postlarda “kök atmış” icra başçılarının sıradan çıxarılması ilə bağlı mövqe dəyişməz olaraq qalır. Ali Məhkəmənin keçmiş sədri Ramiz Rzayevdən sonra daha bir neçə qocaman məmurun “könüllü” istefaya getməsi gözlənilir.
Qeyd edək ki, proses təkcə köhnələrin “vurulması” ilə məhdudlaşmır. Hakim komandada postunu qorumağa müvəffəq olmuş bəzi stajlı məmurların təsir imkanlarının minimuma endirilməsi baş verir. Bu sırada vaxtilə hakim Yeni Azərbaycan Partiyasının (YAP) aparıcı simalarından biri olan, Baş nazirin müavini Əli Əhmədovun adını çəkmək olar. Bu ilin yanvarında 70 yaşını tamamlamış Ə. Əhmədovun ictimai-siyasi proseslərdən tamamilə təcrid olunması səbəbsiz deyil. Məşhur YAP-çının çoxdan arzuolunmaz şəxsə çevrildiyi bildirilir.
Xatırladaq ki, Ə.Əhmədovun “vurulması” 2021-ci ilə təsadüf edir. 2021-ci ildə YAP-ın VII Qurultayında partiyadakı bütün mövqelərini itirəndən sonra onun “kölgəyə çəkildiyi” müşahidə olunur. Tahir Budaqovun 5 mart 2021-ci ildə YAP sədrinin qərarı ilə YAP sədrinin müavini və YAP Mərkəzi Aparatının sədri təyin olunması Ə.Əhmədovun siyasi karyerasının bitməsi ilə nəticələndi. YAP Mərkəzi Aparatının əməkdaşlarından birinin saytımıza dediyinə görə, məşhur YAP-çı son vaxtlar, hətta hakim partiyanın qərargahına da buraxılmır.