“Fərqi nədir ki, məşqçinin azyaşlının anası ilə münasibəti var ya yoxdur. Bunun ölüm faktına və məşqçinin kobudluğuna, eyni zamanda idman sağlamlıq komplekslərində baş verən qeyri-qanuni hərəkətlərə nə aidiyyəti var?” Bu sözləri Ölkə.Az-a açıqlamasında Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, Mir Cəlal Paşayev adına Milli Virtual Kitabxananın təsisçisi, yazıçı-kulturoloq Aydın Xan Əbilov deyib.
“Əvvəllər idmanda və məşqdə baş verən hadisələr zamanı sağlamlığa zərər vurma və yaxud ölümlə nəticələnən faktlar var idi. Son vaxtlar zalların və idmançılaın sayı o qədər artıb ki, bu hadisələrin də get-gedə çoxaldığını müşahidə edirik. Bu, təkcə Sumqayıtda baş verməyib. Bu yaxınlarda 2 idmançının davası zamanı birinin digərini bıçaqlaması, daha sonra Gəncədə tələbə futbolçuların davası və digər faktlar bir daha göstərir ki, bu sahəyə ciddi nəzarət mexanizmi düşünməliyik.
Titullu olsa da, o məşqçinin instaqram səhifəsinə baxsanız, patı fotoları, lotuların reklamı ilə məşğul olduğunu görərsiniz. Belə bir insana valideynlər necə öz uşaqlarını həvalə edə bilərlər?
Bu, çox dəhşətli bir haldır. Ümumiyyətlə, Azərbaycanda döyüş idman növləri - karate, qaydasız döyüş növləri, o cümlədən boks zamanı və bu tipli uşaqlarımızın sağlamlığına və psixologiyasına vurulan zərbələrlə bağlı səhiyyə, təhsil, gənclər və idman nazirlikləri və s. hansı tədqiqatlar aparıb?”
A.Əbilov bildirib ki, ölən azyaşlının anası ilə bağlı deyilənlərə əhəmiyyət verməmək lazımdır:
“Bizdə ictimai qınaq daha çox məhəllədə oturub tum çırtlayan qadınlar səviyyəsində söhbətlərə çevrilib. Özü də bunu daha çox sosial şəbəkələrdə mənasız, savadsız adamlar edir. Yaxşı olar ki, cəmiyyət bu yöndə mənasız müzakirələrə yer verməkdənsə, idman sahəmizdə məşq və sağlamlıq komplekslərində olan problemlər ətrafında diskussiyaya açıq olsun. Məsələn, sual etməlidirlər ki, nə üçün bu problem yaranır, məşqçilər həm əsəbləri, həm narkoloji, həm də alkoqolozmlə bağlı hansısa analizlər verirlərmi, bu insanlara uşaqlarımızı rahatlıqla tapşıra bilərikmi və s.
Cəmiyyətin şayiələrə bu qədər diqqət ayırması səviyyəsinin nə qədər aşağı olduğunu göstərir. Biz bu mənada nəinki hansısa ananın məşqçi ilə münasibətindən danışmalı, sosial şəbəkələdə özlərini ağıllı göstərən insanları qınağa tuş gətirməliyik.
Əgər belə bir münasibət varsa da, məşqçi ilə yanaşı, ananın da cinayət məsuliyyətinə cəlb edilməsi vacibdir. Bu çox önəmlidir, çünki biz digər hadisələrin qarşısını ala bilərik.