Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev mayın 18-də Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri Nosivive Mapisa-Nqakulanı qəbul edib.
Pravda.az xəbər verir ki, dövlətimizin başçısı Nosivive Mapisa-Nqakulanın rəhbərlik etdiyi nümayəndə heyətinə Ümummilli Lider Heydər Əliyevin 100 illiyinə həsr olunmuş Azərbaycan Respublikası Milli Məclisinin xüsusi iclasında iştirakına görə təşəkkürünü bildirdi və bunu əlaqələrimizin yaxşı göstəricisi kimi dəyərləndirdi.
Azərbaycan Prezidenti ilə görüşməkdən və Ulu Öndərin anadan olmasının 100 illiyi münasibətilə keçirilən tədbirdə iştirak etməkdən şərəf hissi duyduqlarını bildirən Cənubi Afrika Respublikası Milli Assambleyasının sədri ölkəmizdə göstərilən yüksək qonaqpərvərliyə görə minnətdarlığını ifadə etdi.
Qonaq Ulu Öndərin 100 illiyi münasibətilə keçirilən tədbirin yüksək səviyyədə təşkil olunduğunu qeyd edərək, burada müxtəlif ölkələrdən nümayəndə heyətlərinin bir-biri ilə görüşməsi və fikir mübadiləsi aparması üçün də yaxşı imkanın yarandığını bildirdi.