Masallı Rayon Mərkəzi Xəstəxanasının sabiq baş həkimi Eşqin Əliyev və Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin sabiq şöbə müdiri Süleyman Əliyevin cinayət işi üzrə icraata verilib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hakimi Cəlil Nəbiyevin sədrliyi ilə araşdırılacaq.
Məhkəmənin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd: Rəsmi məlumata əsasən, “Masallı Rayon Mərkəzi Xəstəxanası” (RMX) Publik Hüquqi Şəxsin sabiq baş həkimi Eşqin Əliyev və Səhiyyə Nazirliyinin tabeliyində olan Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzinin sabiq şöbə müdiri Süleyman Əliyevin qanunsuz əməlləri barədə cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində ibtidai istintaq tamamlanıb.
İstintaqla Eşqin Əliyevin qeyd olunan vəzifə və xəstəxana üzrə Həkim-Məsləhət Komissiyasının sədri vəzifəsində işləyərkən əlillik dərəcəsinin təyin olunması üçün ayrı-ayrı şəxslərdən ümumilikdə 28 min manatdan artıq pul vəsaitini rüşvət müqabilində almasına, habelə işə düzəltmə və ixtisasartırma barədə yalan vəd verməklə vətəndaşlara məxsus 34 min manatdan artıq pul vəsaitini ələ keçirməsinə əsaslı şübhələr müəyyən edilib.