Bu gün Moldovada “Avropa siyasi birliyi”nin 2-ci Zirvə toplantısı keçirilir. “Avropa siyasi birliyi” Avropa İttifaqı (Aİ) tərəfindən təşviq edilən platformadır. Təsadüfi deyil ki, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel bununla bağlı qeyd edib: “Aİ özünün strateji hədəflərini genişlənmə ilə məhdudlaşdırmamalıdır. Aİ-nin geosiyasi liderliyinin güclənməsi ilə beynəlxalq ictimaiyyətin ondan gözləntiləri artır. Həmin gözləntilər bir sıra qonşuların Aİ ilə yeni münasibətlər qurması ilə əlaqədardır. Bu isə Reykyavikdən Bakıya, Oslodan Ankaraya uzanan geosiyasi birlikdən qaynaqlanır”.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ikinci dəfə təşkil olunan bu tədbirin hər ikisinə dəvət edilməsi Avropanın ölkəmizə necə böyük əhəmiyyət verdiyini, onu etibarlı tərəfdaş kimi qəbul etdiyini göstərir. Bu, həm də onu deməyə əsas verir ki, Azərbaycan Avropanın təkcə enerji təhlükəsizliyində mühüm rol oynamır, eyni zamanda, qitənin və Aİ-nin gələcəyi ilə bağlı müzakirələrdə də rəyinə, mövqeyinə önəm verilən ölkə kimi çıxış edir. Bu isə son illərdə, xüsusilə Vətən müharibəsindən sonra Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın artan nüfuzu, verdiyi sözə əməl etməsi, etibarlı tərəfdaş, regionda söz sahibi olması ilə birbaşa bağlıdır. Prezident İlham Əliyevin söylədiyi kimi: “.... bu gün Azərbaycanla hesablaşırlar. Ən azı regional təhlükəsizlik və inkişaf məsələlərində Azərbaycanın razılığı olmadan heç bir təşəbbüs həyata keçirilə bilməz. Deyirəm, ən azı regional, amma, eyni zamanda, bu gün dünya miqyasında bir çox məsələlərdə Azərbaycanın mövqeyi önəmli mövqe kimi sayılır”. Ölkəmizin bu tədbirlərə mütəmadi dəvət olunması həm də dövlətimizin başçısının şəxsi nüfuzunu, Azərbaycanın dünya miqyasında mühüm aktora çevrildiyini, beynəlxalq proseslərə təsir etmək imkanına malik olduğunu nümayiş etdirir.
AZƏRTAC ”Avropa siyasi birliyi”nin məqsəd və vəzifələrinə qısa nəzər salır.
Avropa İttifaqı bildirir ki, “Avropa siyasi birliyi” genişlənmə prosesini əvəzləmək və ya ləngitmək niyyəti daşımır, eyni zamanda, orada yer alan ölkələrin nə vaxtsa mütləq Aİ-nin üzvü olacağı anlamına gəlmir. Bu platforma Avropanın üzləşdiyi əsas çağırışların, habelə Avropa ölkələri arasında regional və ikitərəfli məsələlərin müzakirəsi məqsədilə dövlət və hökumət başçıları üçün qeyri-rəsmi və sərbəst mühit yaratmaq məqsədi daşıyır. Qərbi Balkan ölkələri, “Şərq Tərəfdaşlığı” ölkələri və Aİ ilə yaxın münasibətləri olan digər Avropa ölkələri də Birliyin iştirakçısı ola bilərlər.
Bu platformanın iştirakçısı olan ölkələrin dövlət və hökumət başçıları ildə iki dəfə görüşürlər. Zirvə toplantılarında hər hansı yekun sənəd qəbul olunmur.
Qeyd edək ki, “Avropa siyasi birliyi”nin 1-ci Zirvə toplantısı 2022-ci il oktyabrın 6-da Çexiyanın paytaxtı Praqada keçirilib. Toplantıda 27-si Aİ-yə üzv ölkə olmaqla, ümumilikdə 44, Şərq Tərəfdaşlığı regionundan 5 ölkə (Belarus istisna olmaqla), o cümlədən Azərbaycan, Ermənistan, Gürcüstan, Ukrayna, Moldova, Qərbi Balkan regionundan Serbiya, Monteneqro, Bosniya və Herseqovina, Kosovo, Şimali Makedoniya və Albaniya, habelə qitənin digər ölkələri – Böyük Britaniya, Norveç, İsveçrə, İslandiya, Lixtenşteyn və Türkiyənin dövlət və hökumət başçıları iştirak ediblər.