“16 yaşlı oğlum Ümüd keçən ilin noyabrında avtomobillə vurulub. “Medera Hospital”da həkim səhlənkarlığından uşağımı ölümcül vəziyyətə salıblar. Nəfəs borusu və qida borusunun arası yırtılıb, 7 aydır ki, boğazından bir qurtum su da keçmir. Uşaq 90 kq çəkidən 20 kq-a düşüb. İndi də heç nə etmirlər, deyirlər, apar evə nə qədər ömrü var yaşasın...”
Pravda.az xəbər verir ki, bu şikayətlə “Qafqazinfo”ya 16 yaşlı Ümüdün anası Qızılgül Quliyeva müraciət edib.
Onun sözlərinə görə, övladı ötən il noyabrın 24-də yol qəzasına düşüb. Uşağı Kliniki Tibbi Mərkəzə (Semaşkoya) çatdırıblar. Sonra isə özəl klinikaya yerləşdirilib:
“Mənə zəng elədilər, tez özümü Kliniki Tibbi Mərkəzə çatdırdım. Dedilər ki, uşağı özəl xəstəxanaya apar, həyatı qurtarsın. Bütün xəstəxanalara zəng vurdum, “Medera Hospital”dan cavab verdilər. Bildirdilər ki, adam göndəririk, xəstənin vəziyyətinə baxılsın, çox ağır olmasa, stabil olsa, xəstəxanaya qəbul edərik. 3 min manat depozitlə oğlumu ora yerləşdirdilər.
Əvvəlcə uşaq yaxşıdır desələr də, səhəri gün əməliyyat olunmalı olduğunu açıqladılar. Həkimlər Tural Hacımirzəyev və Kahraman Seyfi tərəfindən başından əməliyyat olundu, beyin qapağını qarnına tikdilər. Sonradan o qapaq da orada irinlədi. Daha sonra dedilər ki, uşaq özü nəfəs alır, amma birdən tibb bacılarının başı qarışar, uşaqda boğulma ola bilər. Ona görə də qabaqlayıcı tədbir kimi bir həftəlik nəfəs borusunu deşirik. Tural həkim necə zərbə ilə açıbsa, uşağın nəfəs borusu və qida borusunun arasını yırtıb və uşağı ölümcül vəziyyətə çatdırıb. Ağzından bir qurtum su keçmir, yoqurtu dilinə sürtürəm, onu belə uda bilmir”.
Q. Quliyeva iddia edir ki, klinikadan övladının əməliyyat olunaraq sağalacağına söz versələr də, sonradan əməliyyatdan imtina olunub:
“Paltarıma qədər satıb 180 min manat xəstəxanaya verdim, iki ay uşaqla orada yatdım. Günə 3-5 min min manat pul ödəyirdim. Sonra evə buraxdılar, dedilər evdə müalicə et, gələrsən. Mənə xəstəxanadan söz verdilər ki, biz bu uşağı sağaldacağıq, lazım olsa, Türkiyəyə aparacağıq. Bildirdilər, uşağı başqa xəstəxanada çalışan Arif Ağayev əməliyyat edə bilər. Hətta həkim deyib ki, çox asan əməliyyatdır. 20 gün əvvəl o həkimin yanına getdim, mənə dedi 3 gündən bir 40 min manat pul ödəməlisən. Öncədən də 40 min AZN depozit qoymalısan ki, əməliyyat edək. Əməliyyata da zəmanət vermirəm, yaşamaya da bilər. Sonra isə dedi ki, mən imtina edirəm, əməliyyat etmirəm. Bizi başından elədi.Xəstəxanadan indi də deyirlər ki, qoy nə qədər ömrü var yaşasın, biz uşağı əməliyyat etsək, öləcək...”