Bakı məktəblərində bir-birinin ardınca baş verən komik, bəzənsə tragikomik hadisələr bütövlükdə Azərbaycanın təhsil sistemində olan problemləri çılpaqlığı ilə üzə çıxarıb. Direktorun müəllimlərdən, müəllimlərinsə şagirdlərdən pul yığdığına dair yayılan audioyazılar, vaxtaşırı ölkə mətbuatının gündəmini zəbt edən videogörüntülər bu sahədə köklü islahatların aparılmasını qaçılmaz edib. Xırdalan şəhərindəki bir nömrəli tam orta məktəbin ibtidai sinif müəllimi Yaqut Ağamalıyevanın valideynlər tərəfindən qulağına sırğa taxıldığını əks etdirən görüntülər isə bardağı daşıran sonuncu damla oldu.
Pravda.az xəbər verir ki, Azərbaycanda fəaliyyət göstərən təhsil müəssisələrində idarəolunmaz vəziyyətin yaranması Elm və Təhsil naziri Emin Əmrullayevin kariyerası üçün ciddi problem yaradıb. Həm ali, həm də ümumtəhsil orta məktəblərində mütəmadi olaraq qanunsuzluqların qeydə alınması gənc nazir üçün "əcəl zəngi" sayıla bilər. Təsadüfi deyil ki, yerli KİV hakimiyyətdaxili dəyişikliklərin anonsunu verəndə ön sırada Elm və Təhsil naziri Emin Əmrullayevin adını hallandırır.
"Yeni Sabah"ın əldə etdiyi məlumata görə, nazir özü də kariyerasını gözləyən təhlükədən xəbərdardır. Amma o, postunu itirmək istəmədiyi üçün ən müxtəlif vasitələrə əl atmaqdan çəkinmir.