Fransa prezidenti Emmanael Makronun erməni sevgisi artıq dillərdə dastandır. Makron sanki and içib ki, Ermənistandan və ya dünyanın başqa yerlərindən Fransaya gələn bütün erməniləri öz sarayında qəbul edəcək.
Axırıncı dəfə o, bir neçə gün öncə ermənilərin köhnə şovinist partiyası “Daşnaksütun”un büro üzvü, Fransa Erməni Təşkilatları Federasiyasının koordinasiya şurasının həmsədi Murad Papazyanı qəbul edib və onlara hesabat verib.
Fransada Papazyanla eyni statusda olan onlarla diaspor təşkilatı var və onların rəhbərləri heç də Fransa prezidenti ilə təkbətək görüşə bilmirlər, olsa-olsa, Fransada yaşayan etnik azlıqların, icmaların ümumi toplantısında bir araya gəlirlər.
![]()
Üstəlik, Papazyan Ermənistan hökuməti tərəfindən 2022-ci ilin yayından etibarən Ermənistanda arzuolunmaz şəxs elan edilib və onun bu ölkəyə girişinə qadağa qoyulub.
Amma ortada erməni söhbəti varsa, Makronun tabı-tavanası qalmır, mütləq onlardan birinə xüsusi audensiya ayırır.
Papazyan isə Fransada doğulub-böyüsə də, deyəsən, ondakı erməni damarı Ermənistanda doğulub-böyüyənlərdən daha yoğundur. Özü bu barədə belə deyir: “Mən Fransada doğulsam da, özümü yüz faiz fransız və yüz faiz erməni sayıram”. Bununla da o birdən-birə iki xalqa yüz faiz mənsub olmaq riyakarlığını edən tək adam olduğunu ortaya qoyur. Anası bir, atası digər millətdən olan metislər belə o cür iddia irəli sürmürlər.
Belə bir adamla görüşən, ona hesabat verən Makron bununla erməni millətçilərinin əlində alət olduğunu göstərir, amma kənar müşahidəçilər üçün də qəribədir: bu sevginin, daha dəqiqi, ayrı-seçkiliyin altında nə dayanır?
![]()
Makron yalançı erməni təbliğatına bu qədərmi inanır, ciddiyə alır? Bəlkə Fransa prezidenti ilə ermənilərin arasında hansısa ciddi biznes əlaqəsi var? Ola bilər, Ermənistanda qonaq olarkən ermənilər ona elə bir hörmət, xidmət göstəriblər ki, Makron hər dəfə onu yadına salanda özünü dünya ermənilərinə minnətdar və ya borclu sayır? Ancaq əsas güman ora gedir ki, bu adamın seçki kampaniyasını ermənilər, Papazyan kimilər maliyyələşdirib və onu özlərindən asılı vəziyyətə salıblar.