Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Prezidenti akademik Ramiz Mehdiyev AMEA Rəyasət Heyətinin üzvləri adından Prezident İlham Əliyevə məktub göndərib.
Pravda.az-ın verdiyi xəbərə görə, məktubda deyilir:
“Zati-aliləri, möhtərəm cənab Prezident.
Müstəqil Azərbaycan dövlətinin hərtərəfli inkişaf etdirilməsi sahəsində apardığınız ardıcıl və məqsədyönlü iş ölkəmizin və xalqımızın bütün maneələrdən uğurla keçməsini təmin etmiş, böyük inkişafa nail olmağa tam şərait yaratmışdır. İndiyə qədər müxtəlif vaxtlarda üzləşdiyimiz qlobal iqtisadi böhranlardan Azərbaycan Respublikasının minimum itkilərlə çıxaraq yenidən böyük inkişafa nail olması Sizin düşünülmüş siyasətinizin və vaxtında atdığınız addımların real nəticələridir.
Hazırda dünyanı bürümüş koronavirus pandemiyasından xalqımızı qorumaq üçün apardığınız müdrik siyasət və həyata keçirilən səmərəli tədbirlər müsbət nəticələr verir. Bu məsuliyyətli günlərdə Sizin rəhbərliyinizlə respublikamızda vaxtında görülən çoxşaxəli qabaqlayıcı tədbirlər ölkəmizdə yoluxma hallarının məhdudlaşdırılmasına təminat verir.
Eyni zamanda, koronavirus dövründə Türk Şurasının onlayn fövqəladə iclasını keçirməyiniz, dövlət başçıları ilə apardığınız müzakirələr və qəbul olunmuş bəyannamə qlobal pandemiya böhranından çıxmaq üçün beynəlxalq birliyə Sizin verdiyiniz mühüm töhfə və əsl nümunədir.
Sizin böyük uzaqgörənliyinizlə illərdən bəri səhiyyə sahəsində həyata keçirilmiş islahatlar bu gün pandemiya şəraitində bir çox problemlərin zamanında tam həll olunmasına şərait yaradır.