Sumqayıtda 11 il öncə bibisi oğlu Bayramov Ceyhun Yunis oğlunu Xəzər dənizində boğaraq öldürən Fuad Qasımovun məhkəmə prosesi yekunlaşıb. “Qafqazinfo”nun məlumatına görə, Sumqayıt Ağır Cinayətlər Məhkəməsində keçirilən prosesdə F.Qasımov 9 il müddətinə azadlıqdan məhrum edilib.
Hadisəyə gəlincə, bu, 2012-ci ilin yayında baş verib. Onun gec cəza almasına səbəb isə Fuadın cinayəti 10 il sonra, yəni, ötən il etiraf etməsi olub. Buna qədər isə Ceyhunun Novxanı çimərliyində suda boğulduğu ehtimal edilib.
İstintaqla da cinayəti törətmiş şəxs və ya şəxslər müəyyən edilmədiyindən iş üzrə icraat 19.06.2014-cü il tarixli qərarla dayandırılıb.
Lakin bağlı qalmış cinayət işlərinin açılması istiqamətində görülən istintaq-əməliyyat tədbirləri ilə törədilmiş cinayətin üstü ötən il açılıb və Ceyhun Bayramovun dayısı oğlu Fuad Qasımov tərəfindən qəsdən öldürülməsi müəyyən edilib. Belə ki, Fuad Qasımov 2022-ci ilin fevralında Abşeron rayon prokurorluğunda dindirilərkən qeyd edilən tarixdə bibisi oğlu Ceyhun Bayramov ilə dənizdə çimərkən onu boğaraq öldürdüyünü etiraf edib.
Cinayətə səbəb isə çimərlikdə olarkən qohumların arasında edilən zarafatın bir-birlərinin xoşuna gəlməməsi və bunun nəticəsində yaranan mübahisə olub.