Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 10-da Müqəddəs Taxt-Tacın dövlət katibi kardinal Pietro Parolini qəbul edib.
Pravda.az xəbər verir ki, Prezident İlham Əliyev münasibətlərimizin dərinləşdirilməsində qarşılıqlı səfərlərin önəmini qeyd edərək, özünün 2020-ci ildə Vatikana səfərini və Pietro Parolin ilə görüşünü, həmçinin Roma Papası Fransiskin ölkəmizə səfərini məmnunluqla xatırladı.
Dövlətimizin başçısı Kardinal Pietro Parolinin səfərinin əlaqələrimizin genişlənməsi işinə töhfə verəcəyinə əminliyi vurğuladı.
Azərbaycan Prezidenti ilə görüşdən məmnunluğunu ifadə edən kardinal Pietro Parolin Roma Papası Fransiskin salamlarını və ən xoş arzularını, həmçinin ölkəmizdə katolik icmaya göstərilən diqqətə görə təşəkkürünü dövlətimizin başçısına çatdırdı.
Prezident İlham Əliyev salamlara və xoş sözlərə görə minnətdarlığını bildirdi, onun da salamlarını Roma Papasına çatdırmağı xahiş etdi.
Dövlətimizin başçısı Azərbaycanın Müqəddəs Taxt-Tacda səfirliyinin açılmasını qeyd etdi.