"Azərbaycan Respublikası 30 ilə yaxın müddətdə Ermənistanın hərbi təcavüzü, ərazilərimizin işğalı, qoca, qadın, uşaq demədən azərbaycanlılara qarşı kütləvi qırğınlar törədilməsi ilə üzləşib, bir milyona yaxın azərbaycanlı məcburi köçkün və qaçqına çevrilib".
Pravda.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinin bölgədə son vəziyyətə dair bəyanatında qeyd olunub.
BMT Təhlükəsizlik Şurasının 1993-cü ildə qəbul etdiyi dörd qətnamədə Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmasına və işğalçı qüvvələrin Azərbaycan ərazilərini dərhal tərk etməsinin tələb olunmasına baxmayaraq, Ermənistan bütün bu çağırışlara heç bir məhəl qoymayıb, əksinə işğala əsaslanan status kvonu daha da möhkəmləndirərək, işğal etdiyi ərazilərdə Azərbaycan xalqının tarixi və mədəni irsini qəsdən məhv edib, qanunsuz məskunlaşdırma siyasəti həyata keçirib. Ermənistan rəhbərliyi “Qarabağ Ermənistandır və nöqtə” kimi təxribatçı açıqlamalar verərək, Azərbaycanı “yeni ərazilər naminə yeni müharibə” ilə hədələyib.
2020-ci ildə 44 günlük Vətən müharibəsində Azərbaycan xalqı Prezident, müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında tarixi zəfər qazanaraq torpaqlarımızın işğalına son qoyub. 30 illik işğala və məşəqqətlərə baxmayaraq, Azərbaycan tərəfi Vətən müharibəsindən qısa müddət sonra iki ölkə arasında bir-birinin ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin qarşılıqlı tanınması və hörmət edilməsi əsasında münasibətlərin normallaşmasına dair baza prinsipləri və sülh müqaviləsi təklifi ilə çıxış edib. Ermənistan tərəfinin Azərbaycanın sülh təşəbbüslərinə uzun müddət cavab verməməsinə və müxtəlif bəhanələrlə prosesi ləngitməsinə baxmayaraq, Azərbaycan tərəfi qətiyyət göstərərək sülh müqaviləsi, sərhədlərin delimitasiyası və kommunikasiyaların açılması istiqamətində təşəbbüslərin irəlilədilməsi üçün xoşməramlı səylərini davam etdirib.
Bununla yanaşı, Azərbaycan hakimiyyət orqanları tərəfindən Qarabağ bölgəsinin yerli erməni sakinləri ilə dialoq istiqamətində ardıcıl addımlar atılıb, yeni Laçın yolunun tikintisi, Laçın ərazisində kiçik SES-lərdən istifadə, Sərsəng su anbarının istifadə və idarəolunması istiqamətində bir sıra təmaslar və erməni sakinlərlə dialoq ilkin dövrlərdə öz müsbət töhfəsini verib. Ermənistan tərəfi isə bunun əksinə, “beynəlxalq mexanizm çərçivəsində Bakı-Xankəndi danışıqları vasitəsilə Qarabağ ermənilərinin hüquq və təhlükəsizliyinin təmin edilməsi” kimi əsassız təkliflə çıxış edərək, Azərbaycan və yerli erməni sakinlər arasında təmaslara maneçilik törədib və faktiki olaraq ölkəmizə qarşı ərazi iddialarını başqa ad altında davam etdirib.
10 noyabr 2020-ci il bəyanatının bütün hərbi fəaliyyətlərin dayandırılmasına dair müddəasına və digər beynəlxalq öhdəliklərə zidd olaraq, Ermənistan tərəfindən Azərbaycan ərazilərinin intensiv minalanması halları, Azərbaycan ərazilərinə 2021-ci il istehsalı olan minalar gətirərək basdırması, beynəlxalq ictimaiyyətin Ermənistanın məqsədli şəkildə mina təhdidinə göz yumması nəticəsində 2020-ci ilin noyabr ayından bəri iki nəfər jurnalist daxil 303 nəfər azərbaycanlı mina qurbanına çevrilib.
Ermənistan öhdəliklərinə zidd olaraq, silahlı qüvvələrini torpaqlarımızdan tam olaraq çıxarmayaraq, bunun əksinə Laçın yolu vasitəsilə onların rotasiyasını həyata keçirib, silah-sursatla təchiz edib, onların Ermənistanın dövlət büdcəsi hesabına maliyyələşməsini davam etdirib, Azərbaycanın təbii sərvətlərinin talan edilməsi ilə məşğul olub.