Baş prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərovun APA-ya müsahibəsi
- “Laçın” sərhəd-buraxılış məntəqəsində Meşəli soyqırımına görə saxlanılan Vaqif Xaçatryanla bağlı hansı istintaq hərəkətləri aparılır? Vaqif Xaçatryanın ilkin dindirilməsi baş tutub? O, törətdiyi əməlləri etiraf edib?
- Vaqif Xaçatryan saxlanıldıqdan sonra ilkin olaraq onun tibbi müayinəsi keçirilib, o, tibbi müəssisəsinə köçürülüb. Səhhəti ilə bağlı həkimlər tərəfindən müayinəsi aparılıb. Tibbi müayinəsi aparıldıqdan sonra isə vəkillə və tərcüməçi ilə təmin edilib. Vaqif Xaçatryana qarşı verilmiş ittihamlar elan edilib və ilkin dindirilmə keçirilib. Hazırda onunla bağlı digər istintaq hərəkətləri aparılır.
- Vaqif Xaçatryanın Azərbaycanın Qarabağ iqtisadi rayonunda yaşamasına dair əvvəlcədən hüquq-mühafizə orqanlarında məlumat var idi?
- Vaqif Xaçatryanla bağlı axtarış qərarı 2013-cü ildən qəbul edilib. Bundan sonra Azərbaycan hüquq-mühafizə orqanları axtarışda olan şəxslərlə bağlı əməliyyat-axtarış işlərinə başlayıb və bu istiqamətdə işlər aparılır, eyni zamanda, azərbaycanlılara qarşı cinayət hadisəsi törədən təqsirləndirilən şəxslər barəsində müvafiq əməliyyat məlumatları toplanılır.
- Meşəli soyqırımı ilə bağlı Vaqif Xaçatryandan savayı daha neçə nəfərin əməlində cinayət tərkibi müəyyən edilib?
- İlkin olaraq istintaq zamanı 9 nəfər erməni milliyyətindən olan silahlı şəxsin şəxsiyyəti müəyyənləşib və onlar axtarışa verilib. Onlardan Vaqif Xaçatryan tutularaq istintaqa təhvil verilib. Axtarışda olan şəxslərin, o cümlədən cinayətin digər iştirakçılarının müəyyən edilməsi istiqamətində istintaq hərəkətləri aparılır.
- Ermənistan tərəfi, o cümlədən adıçəkilən ölkənin ictimai-siyasi dairələri hadisənin 30 il əvvəl törədildiyini və cinayət məsuliyyətinə cəlb etmə müddətinin başa çatdığına dair fikirlər səsləndirirlər. Bundan başqa, Azərbaycan qanunvericiliyində də var ki, yaşı 65-dən çox olan şəxs 10 ildən artıq azadlıqdan məhrum edilə bilməz. Bu amil Vaqif Xaçartyana şamil edilə bilər?
- Sülh və müharibə əleyhinə, habelə insanlıq əleyhinə törədilən cinayətlərdə cinayətə cəlb etmə müddətinin keçməsi nəzərə alınmır. Bu, adıçəkilən cinayətləri törədənlərə şamil edilmir. Hazırda Vaqif Xaçatryan barəsində istintaq aparılır. İndidən onun hansı formada cəzalandırılması, hansı müddətə azadlıqdan məhrum edilməsi ilə bağlı fikir bildirmək olmaz. Bu, hüquqi baxımdan düzgün deyil, həm də təqsirsizlik prezumpsiyasına ziddir. Çünki şəxsin barəsində məhkəmə hökmü yoxdur. İstintaq yekunlaşdıqdan sonra Vaqif Xaçatryan barəsində toplanmış sübutlar kifayət edəcəyi təqdirdə ittiham aktı tərtib ediləcək və cinayət işi baxılması üçün məhkəməyə göndəriləcək. Məhkəmə baxışı zamanı hansı bir cəza təyinindən, yüngülləşdirici-ağırlaşdırıcı haldan söhbət gedə bilər. Əgər yüngülləşdirici hal varsa, Vaqif Xaçatryana şamil ediləcək. Çünki, o, Azərbaycan Respublikasının vətəndaşıdır. Digər vətəndaşlarımızın yararlandığı hüquqlardan o da istifadə edəcək.
- Etiraf edək ki, Vaqif Xaçatryanın saxlanılması bir qədər gözlənilməz oldu. Artıq insanlarda digər canilərin də tutularaq cəzalarını alacaqlarına dair ümidlər yaranıb. Digərlərinin – Robert Koçaryan, Serj Sarkisyan, Seyran Ohanyan kimilərinin istintaqı nə yerdədir? Üstəlik adları çəkilənlərin barələrində Ermənistanda da cinayət işləri açılıb...
- Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən elan edilib ki, Azərbaycan xalqına qarşı cinayət törətmiş şəxslərlə bağlı istintaq aparılır. Meşəli ilə bağlı aparılan istintaq da göstərdi ki, 1992-ci ildən etibarən bu işlər aparılır. Adını sadaladığınız və sadalamadığınız digər şəxslərlə bağlı Azərbaycan Respublikasının Baş Prokurorluğunda, Hərbi Prokurorluqda müxtəlif istintaq hərəkətləri aparılır. Onların bir çoxu barəsində təqsirləndirilən şəxs qismində cəlb etmə qərarları var. Həmin şəxslərin axtarışı elan edilib. Hazırda axtarış tədbirləri davam etdirilir. Dəfələrlə elan edilib, indi də qeyd edirik ki, onların cinayət məsuliyyətinə cəlb edilməsi təmin ediləcək. Onların törətdikləri əməllər sülh və insanlıq əleyhinə cinayətlərdir. Həmin cinayətlərlə bağlı cəlbetmə müddəti yoxdur. Siyasi proseslərlə əlaqədar bu müddət ertələnə bilər. Amma hər halda həmin şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi və ədalət mühakiməsinə çıxarılması təmin ediləcək.
- İki ölkə arasında sülh danışıqları uğurla nəticələnsə, Koçaryan, Sarkisyan, Ohanyan və digərlərinin Azərbaycana ekstradisiyası, təhvil verilməsi hüquqi baxımdan nə qədər realdır?
- Bu suala cavab vermək üçün hələ tezdir. Ermənistan və Azərbaycanın hüquq-mühafizə orqanları arasında hüquqi məsələlər formalaşmayıb. Gələcəkdə proseslərin inkişafını gözləməliyik.