Azərbaycanda yay aylarında istirahət sektorunda qiymətlərin bahalaşmasıyla bağlı şikayətlər intensiv xarakter alır.
Vətəndaşlar sosial şəbəkələrdə yazır ki, rayonlardakı bir çox otellərdə yay tətilini keçirmək üçün orta aylıq əməkhaqqı yetərli deyil. Üstəlik, onlar ötən illə müqayisədə qiymətlərin də yüksəldiyini vurğulayırlar. Hazırda istirahətdə olan tanınmış teleaparıcı Elgiz Əkbər rayonlardakı vəziyyətlə bağlı müşahidələrini Yenisabah.az-la bölüşüb.
Aparıcı vəziyyətin heç də deyildiyi kimi dəhşətli olmadığını bildirib:
"Mən hazırda Qəbələ rayonundayam. Gördüyüm odur ki, camaat çox gözəl istirahət edir. Heç narazı qalan şəxs görməmişəm. İstirahət mərkəzləri də doludur, heç yer tapmaq mümkün deyil, bundan başqa həm otellərdə, həm də günlük kirayə verilən evlərdə yer yoxdur, hamısı tutulub. Bir müddətdir burdayam, şikayət edən görməmişəm. Açığı kimdənsə xüsusi olaraq bu barədə soruşmamışam, amma gördüyüm odur ki, hər kəs istirahət edir, hər yer doludur. Yəqin ki, insanların buna gücü çatmasa, gəlməz, deməli, qiymətlər fantastik həddə deyil. Hətta yollar da insanlarla doludur, hər kəs harasa gedir, yaxud rayonlardan qayıdır. Gecə saat 2-əqədər yollar maşınlarla dolu olur, hamı yollardadır".