"Allah Nicatın köməyi olsun, qəzadan görüntüləri gördüyüm zaman çox pis oldum. Ümumiyyətlə, insanlar bu tip qəzalar, bədbəxt hadisələrlə bağlı görüntüləri görürlərsə, ilk növbədə informativ stress keçirirlər. Təbii ki, söhbət başqalarının acısını duya biləcək insanlardan gedir. Amma təəssüf ki, biz bəzən sosial şəbəkələrdə belə görüntülərin altına şərh yazanları gördükdə təəccübümüzü gizlədə bilmirik. İnsanların baxış bucağı fərqlidir..." Bu sözləri Yenisabah.az-a tanınmış psixoloq Aytən Ələkbərova deyib. “Nikosayağı” adı ilə tanınan bloger Nicat Şakirlinin qəzaya düşməsi xəbəri haqda danışan psixoloq sosial şəbəkələrdə insanların hadisəyə verdikləri reaksiyaları psixoloji analiz edib.
O, bu gün insanların qəddarlaşdığını bildirərək bunun səbəblərini açıqlayıb:
"İnsanlar qəddarlaşıblar və onların qəddarlığının bir neçə psixoloji səbəbi var.
Məsələn, illər əvvəl "GTA" adlı oyun dəbdə idi, demək olar ki, hər kəs bu oyunu oynayırdı, həmin oyunda bir maşını əldə etmək üçün başqasını maşından zorla çıxarırdılar, döyürdülər, hətta oyunda polis belə onları yaxalaya bilmirdi. Bu oyunu oynayan zaman yeniyetmələrdə həkkolunma dövrü olur. Bu zaman insanların beyninə, altşüura gördükləri təsir edir. Həmin təsirlər şüuraltında qalır, şəxslər böyüsə belə bunun fəsadları qalır.
İnsanlar düşünür ki, hər hansı şəxs tiktokerdirsə, heç nə etmədən pul qazanır, pulu əziyyətlə qazanmır. Xeyr, bu, belə deyil, sadəcə insanlara işin asan tərəfi göstərilir. Kiçik bir şeyi əldə etmək üçün ona müəyyən vaxt sərf edirsən, beyin düşünür və onu ərsəyə gətirir. İnsanların düşüncəsi bir-birindən çox fərqlidir, ona görə qəza görüntülərinə bəzisi "Allah kömək olsun" deyir, bəzisi isə lənət oxuyur. İnsan özündə paxıllıq hissini dəf etməyi bacarmalıdır. Bəzən deyirlər mənim psixoloqa ehtiyacım yoxdur, lakin qəzaya düşən, qolu qopan bir şəxs üçün bu cür lənət dolu şərh yazanların həqiqətən psixoloqa ehtiyacı var. Çünki onlar həkkolmada, veribal öyrənmədə çətinlik çəkən insanlar olublar. Ona görə bir insanın acısına qəddarlıqla yanaşırlar".