Ərini sifarişlə öldürtdürməkdə ittiham olunan Əzizə Seyidova, qətlin icraçıları kimi təqsirləndirilən Mehdi Məmmədov, Bəxtiyar Fərzəliyev və Elnur Əliyevin məhkəmə baxışı başlayıb. APA-nın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Siyavuş Hacıyevin sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən Əzizə Seyidovanın vəkili vəsatətlə çıxış edib. O, vəsatətində cinayət işinin yenidən ibtidai istintaqa qaytarılmasını istəyib.
Məhkəmə vəsatəti təmin etməyib. Daha sonra prokuror ittiham aktını elan edib.
İttihama görə, Əzizə Seyidova həyat yoldaşı Əli Seyidlini ona xəyanət etməsinə görə öldürmək istəyib. O bu məqsədlə "siçan dərmanı" alaraq Əli Seyidlinin yeməyinə qatmaq istəyib. Sonradan bu fikrindən daşınaraq onu qətlə yetirmək qərarına gəlib. Bu məqsədlə Əzizə Seyidli tanışı Mehdi Məmmədliyə ərinin ölümünü sifariş verib. 2022-ci ildən etibarən Əzizə Seyidli Mehdi Məmmədli ilə "Instagram" vasitəsilə mütəmadi danışıb, ona ərinin evə gəlib-getmə vaxtlarını deyib. 15 mart 2023-cü ildə o, Mehdi Məmmədli ilə danışıb və ərinin həmin gün öldüməyi tapşırıb. M. Məmmədli də sifarişə uyğun olaraq, dostları ilə birlikdə gecə saat 00:00 radələrində Əli Seyidlinin yaşadığı ünvana gələrək gozləyib. Əli Seyidli evinə daxil olarkən M. Məmmədli və dostları onun qarşısını kəsərək çoxsaylı bıçaq xəsarətləri ilə qətlə yetirib.