Mərkəzi Bankın İdarə Heyətinin 28 aprel 2020-ci il tarixli qərarına əsasən həmin banklardan ikisinin - “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları həmin tarixdən etibarən ləğv edilib.
Azərbaycan Mərkəzi Bankından Pravda.az-a verilən məlumata görə, qeyd olunan bankların maliyyə vəziyyətinin pisləşməsi çoxdan başlayıb, xüsusən “Atabank” ASC uzun müddətdir ki, əhalinin əmanətlərinin qaytarılması üzrə öhdəliklərini icra edə bilmirdi. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 noyabr tarixli, 1616 nömrəli Sərəncamına əsasən Maliyyə Bazarlarına Nəzarət Palatası ləğv edildikdən və qanunvericiliklə müəyyən edilmiş aidiyyəti səlahiyyətlər təhvil alındıqdan sonra Mərkəzi Bank tərəfindən hər iki bankda aparılan yoxlamalar nəticəsində məlum olmuşdur ki, onlar ciddi maliyyə itkilərinə yol vermiş, öz kapitallarını tam itirmiş və müflis vəziyyətinə düşmüşdür. Bankların səhmdarları ilə müzakirələrdə onlar yoxlamaların nəticələri barədə məlumatlandırılmış və onlara bankları əlavə kapitallaşdırmaq təklif olunmuşdur, lakin onlar bu imkandan istifadə etməyiblər.
Qeyd edək ki, Azərbaycan Mərkəzi Bankı ölkənin bank sisteminin bütövlükdə dayanqılı olduğunu bəyan etmiş, lakin sistemdə “nöqtəvi” problemlər olduğunu dəfələrlə bildirib. Qeyd olunan iki problemli bankın sektorun aktivlərində xüsusi çəkisi 2,1%, kredit portfelində isə 3% təşkil edir.
Maliyyə dayanıqlığı problemi olan kommersiya bankları ilə bağlı situasiyanın maliyyə sabitliyi xarakteri daşıması, habelə aidiyyəti dövlət qurumları və Əmanətlərin Sığortalanması Fondu ilə koordinasiya edilmiş qaydada həll edilməsi zərurəti nəzərə alınaraq, məsələ ilə bağlı Maliyyə Sabitliyi Şurasında ətraflı müzakirələr aparılıb və Mərkəzi Bank qəbul etdiyi qərarlarda Şuranın tövsiyələrini nəzərə alıb.
Qeyd olunanları nəzərə alaraq, məcmu kapitalının miqdarının banklar üçün müəyyən edilmiş minimum miqdardan az olduğuna, habelə cari fəaliyyətini etibarlı və prudensial qaydada həyata keçirmədiyinə görə “Atabank” ASC-nin və “Amrah Bank” ASC-nin lisenziyaları Mərkəzi Bankın İdarə Heyəti tərəfindən 28 aprel 2020-ci il tarixindən etibarən ləğv edilib və hər iki bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub.