Bir ailənin 3 üzvünü qətlə yetirməkdə, bir nəfəri isə yaralamaqda təqsirləndirilən Nofəl Səfərovun cinayət işi üzrə məhkəmə prosesi başlayıb.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Leyla Əsgərovanın sədrliyi ilə keçirilən prosesdə ittiham aktı elan olunub. Təqsirləndirilən şəxs özünü ittihamla təqsirli bilməyib.
Daha sonra prosesdə ifadə verən zərərçəkmiş Elbrus Ağalarov bildirib ki, həmin gün axşam 6-da işdən çıxıb babasıgilə gedib: "Qapı açıq idi. Həyətə girdim ki, yerdə bir nəfər uzanıb, yaxınlaşıb gördüm babam, qan içindədir. Telefonu çıxardım ki, zəng edəm, arxadan başıma zərbə endirildi, yıxıldım. Ayağa durdum ki, bir nəfər qaçır. Qaçıb bunu arxadan tutdum, soruşdum kimsən? Həmin adam maskada idi, çönüb boğazımdan tutdu. Gördüm məni öldürmək istəyir. Dedim ki, burax məni, arxanca gəlməyəcəm. Məni buraxıb qaçdı. Ayağa qalxıb babamın yanına qaçdım, gördüm ölüb. Qaçdım içəri, gördüm nənəm qan içindədir, dayım da zarıyır. Tez qaçdım qonşulara xəbər verdim".
Zərərçəkmiş bildirib ki, hadisədən 10 gün əvvəl evdən oğurluq edilib: "Nənəm bu barədə polisə müraciət etmişdi. Sonra şikayətini geri götürmüşdü".