Müğənni Nüşabə Musayevanın “Bizimləsən” verilişində bir neçə gün öncə doğma xalası haqda verdiyi açıqlamalar gündəmi zəbt etdi. Belə ki, müğənni canlı efir zamanı vaxtilə atasının anasına xalası ilə xəyanət etdiyini, onları yataqda gözləri ilə gördüyünü bildirdi. Onun canlı efirdə hadisəni detallı şəkildə danışması müzakirələrə səbəb oldu. Məsələ ilə bağlı Yenisabah.az-a danışan Xalq artisti Şeyx Əbdül Mahmudbəyov efirdə bu tip müzakirələrin aparılmasını sərt şəkildə qınayıb. O, bunu biabırçılıq adlandırıb:
“Məsəl var, deyirlər yer yiyəsiz olanda donuz təpəyə çıxır. Bəzi çalıb-oxuyanlar, şoumenlər bu xalqın üz qarasıdır. Nə savadları, nə musiqi təhsilləri var, effektlərin hesabına mahnı yazdırırlar. Kimin ailə vəziyyəti, maddi vəziyyəti, əxlaqı aşağıdırsa, müğənniliyə başlayıb. Televiziyalar da onlara xidmət edir. Heç kəs məndən inciməsin, mən xalqın mənəviyyatının beş-üç nəfərə görə korlanmasını istəmirəm.
Telekanalların ideoloji baxımdan sahibi dövlətdir. Bu işdən məsul olan şəxslər var. Hansı kriteriyalarla bəzi özəl kanallar dövlətçilik məsələlərinə qarışırlar?! Efirdə yellənə-yellənə o tərəf bu tərəfə gedirlər, saç düzümlərini reklam edir, əndamlarını oynadırlar. Axı bu nədir?! Sonra da deyirlər ki, biz özəl telekanalıq, özümüz özümüzü dolandırmalıyıq və s. Cəhənnəmə dolanın! Beş nəfər ordan pul qazanacaq deyə biz milləti rüsvay etməliyik?”